Alimlər DNT-dən insult riskini proqnozlaşdıran ChatGPT-yə bənzər süni intellekt hazırlayıblar
Yeni süni intellekt aləti insult üçün genetik risk faktorlarını müəyyən edir və daha fərdiləşdirilmiş profilaktika və müalicəyə yol aça bilər.

Yeni süni intellekt aləti insult üçün genetik risk faktorlarını müəyyən edir və daha fərdiləşdirilmiş profilaktika və müalicəyə yol aça bilər.
Tədqiqatçılar dünyada ölümün ikinci əsas səbəbi olan insult üçün genetik risk faktorlarını aşkar etmək məqsədilə insanın DNT-sini təhlil edən süni intellekt modeli hazırlayıblar. Sidney Texnologiya Universitetinin (UTS) komandası qan laxtasının beyinə qan axınını bağladığı ən geniş yayılmış insult növü olan işemik insulta daha yüksək meyllilikle əlaqəli spesifik genləri müəyyən edib. Tədqiqat nəticələri ScienceDirect platformasında dərc olunub.
Tədqiqatın aparıcı müəllifi Kairui Guo bildirib ki, xüsusilə gənc yaşda insult keçirən şəxslər çox vaxt digər ailə üzvlərinin də risk altında olub-olmadığını bilmək istəyirlər. Onun sözlərinə görə, yeni vasitələr ailələrə bu riski daha yaxşı anlamağa kömək edə bilər.
Əvvəlki tədqiqatlara görə, genetik amillər insanın insult riskinin təxminən 38 faizini təşkil edir. Ənənəvi olaraq insult riskinin qiymətləndirilməsində genetika əsas amil sayılmırdı. Guo qeyd edib ki, yeni iş genetik amillərin təsirinin nə qədər əhəmiyyətli olduğunu göstərir. Onun fikrincə, bu qədər böyük həcmdə məlumatı fərdi səviyyədə emal etmək süni intellekt olmadan mümkün olmazdı.
Komanda ChatGPT kimi böyük dil modellərinin əsasında dayanan transformator texnologiyasına söykənən yeni model hazırlayıb. Model işemik insultla əlaqəni müəyyən etmək üçün genetik variasiyalar üzərində öyrədilib.
Model işemik insultla bağlı 18 genetik variant aşkar edib. Beyin qabığında aktiv olan EDEM2 və qanda tapılan KANK2 genləri insult həssaslığının əsas determinantları kimi vurğulanıb.
Alət 40 mindən çox insanı əhatə edən iki iri tibbi məlumat dəsti üzərində sınaqdan keçirilib. Süni intellekt şəxsləri aşağı, orta və yüksək genetik risk qruplarına uğurla ayırıb. Zamanla yüksək risk qrupundakı şəxslərin ilk işemik insultu keçirmə ehtimalı aşağı risk qrupu ilə müqayisədə 21 faiz çox olub.
İndiyə qədər alimlər genetik riski poligenik risk balları (PRS) adlanan statistik alətlə hesablayırdılar. Bu üsul çoxsaylı genetik variantın birgə təsirinə baxaraq insanın müəyyən xəstəliyə yoluxma riskini qiymətləndirir. Lakin o, müxtəlif variantların bir-biri ilə necə qarşılıqlı təsirdə olduğunu və DNT ardıcıllığındakı mövqelərinin ümumi riskə necə təsir etdiyini nəzərə almır.
Avstraliya Süni İntellekt İnstitutunun direktoru Jie Lu bildirib ki, süni intellekt insan genləri ilə xəstəliklər arasındakı əlaqələri aşkar etmək və fərdi risk qiymətləndirmələri hazırlamaq üçün istifadə oluna bilər. Bu da həyatı dəyişə biləcək və ya ölümcül ola biləcək hadisənin qarşısını almağa kömək edə bilər.
Lu-nun sözlərinə görə, növbəti mərhələdə genetik risk qiymətləndirməsini sağlamlıq və həyat tərzi sorğuları, müayinələr və görüntüləmə kimi digər məlumatlarla birləşdirə bilən multimodal süni intellekt aləti yaradılacaq.
“Genetika insult riskinin yalnız bir hissəsidir. Genetik balları qan təzyiqi, yaş, qulaqcıq fibrilyasiyası, 2-ci tip diabet və xolesterol kimi müəyyən edilmiş risk faktorları ilə birləşdirmək monitorinqi və profilaktikanı gücləndirə bilər”, - deyə o bildirib.