Apple-ın iPhone gəlirləri azala bilər
Qlobal smartfon tədarükləri 20% azaldığı halda, şirkətin bazar payı 18%-dən 22%-ə yüksəlib.

ABŞ-ın Loop Capital investisiya şirkəti Apple səhmləri üzrə tövsiyəsini “Al”dan “Saxla”ya endirib. Qərar iPhone satışlarında gözlənilən artımın baş verməyə biləcəyi ilə bağlı narahatlıqlardan qaynaqlanır.
Apple daha əvvəl 2026-cı ilin ikinci yarısı üçün iPhone tədarükü planlarını təxminən 10% azaltmışdı. Əvvəlcə bu azalmanın yaddaş və prosessor təchizatındakı problemlərlə bağlı olduğu və sonradan kompensasiya ediləcəyi düşünülürdü. Lakin Loop Capital-ın yeni qiymətləndirməsinə görə, şirkət planlaşdırılandan az tədarük edilən təxminən 13 milyon iPhone-u sonradan əvəz etməyəcək.
Buna görə Loop Capital Apple səhmləri üçün hədəf qiymətini 370 dollardan 330 dollara endirib. Şirkət dekabr rübündə 79 milyon iPhone tədarük ediləcəyini proqnozlaşdırır. Bazarın gözləntisi isə 85 milyon cihazdır.
2027-ci ildə iPhone satışlarının 260 milyon ədədə çatacağı gözlənilsə də, satışlardan əldə ediləcək gəlir proqnozu 315 milyard dollardan 285 milyard dollara endirilib. Buna səbəb cihazların orta satış qiymətinin azalacağı gözləntisidir. Yaddaş xərclərinin artması da Apple-ın mənfəətinə təzyiq göstərə bilər.
Bununla belə, Apple-ın bazardakı mövqeyi güclü qalır. Qlobal smartfon tədarükləri 20% azaldığı halda, şirkətin bazar payı 18%-dən 22%-ə yüksəlib.