Asiya səhmləri qarışıq istiqamətdə hərəkət edir, neft qiymətləri sabitləşir
Honkonq, 6 oktyabr — Asiya fond bazarlarında çərşənbə axşamı qarışıq dinamika müşahidə olunub. ABŞ fond bazarlarında əsas indekslərin rekord səviyyələrə yaxınlaşması fonunda ABŞ fyuçersləri yüksəlib. Yaxın Şərqdə vəziyyətlə bağlı qeyri-müəyyənlik isə neft qiymətlərinin sabit qalmasına təsir göstərib.

Honkonq, 6 oktyabr — Asiya fond bazarlarında çərşənbə axşamı qarışıq dinamika müşahidə olunub. ABŞ fond bazarlarında əsas indekslərin rekord səviyyələrə yaxınlaşması fonunda ABŞ fyuçersləri yüksəlib. Yaxın Şərqdə vəziyyətlə bağlı qeyri-müəyyənlik isə neft qiymətlərinin sabit qalmasına təsir göstərib.
Yaponiyanın Nikkei 225 indeksi 0,5% artaraq 70 321,83 bəndə yüksəlib. İndeks bu həftə iyulun əvvəlindən ilk dəfə 70 000 bəndlik həddi keçib.
Cənubi Koreyanın Kospi indeksi 1% azalaraq 6 936,60 bəndə düşüb. Honkonqun Hang Seng indeksi 0,8% artaraq 24 228,47 bəndə çatıb.
Avstraliyanın S&P/ASX 200 indeksi 0,6% yüksələrək 8 735,20 bənd olub. Tayvanın Taiex indeksi 0,1%, Hindistanın Sensex indeksi isə 0,2% geriləyib. Çinin materik hissəsindəki fond bazarları bayramla əlaqədar bağlı olub.
Texnologiya sektorunda da qarışıq dinamika qeydə alınıb. Yaponiyanın çip sınaq avadanlığı istehsalçısı Advantest in səhmləri 2% bahalaşıb. SoftBank Group un səhmləri isə şirkətin baş direktoru Masayoşi Sonun texnologiya sektorunda potensial risklərlə bağlı xəbərdarlığından sonra 2,5% ucuzlaşıb.
Cənubi Koreyada Samsung Electronics in səhmləri 1,6%, SK Hynix in səhmləri isə 2,9% dəyər itirib.
Bazar ertəsi ABŞ fond bazarında S&P 500 indeksi 0,7% yüksələrək əvvəlki rekorduna yaxınlaşıb. Dow Jones 0,2%, Nasdaq Composite isə 1,1% artıb və yeni rekord bağlanış səviyyəsinə çatıb. Texnologiya nəhəngləri arasında Nvidia və Broadcom un səhmləri 2,1% bahalaşıb.
İnvestorların diqqətində əsasən şirkətlərin qarşıdakı maliyyə nəticələri və süni intellekt sektorundakı artım olub. Bununla yanaşı, yüksək neft qiymətləri və istiqraz gəlirlərinin artması fond bazarları üçün risk olaraq qalır.
Neft bazarında isə Yaxın Şərqdəki vəziyyətlə bağlı qeyri-müəyyənlik davam edir. Brent markalı neftin qiyməti 0,4% artaraq 100,71 dollar/barelə yüksəlib. WTI markalı ABŞ neftinin qiyməti isə 0,3% artaraq 89,73 dollar/barel təşkil edib.
Analitiklərin fikrincə, ABŞ-İran gərginliyinin yüksək olaraq qalmasına baxmayaraq, Hörmüz boğazından neft axınının artması və Səudiyyə Ərəbistanının əsas Şərq-Qərb boru kəməri ilə tədarükün bərpa olunması qiymətlərə yüksəldici təzyiqi müəyyən qədər azaldıb.
ING-nin əmtəə strateqləri Uorren Patterson və Eva Manti bildiriblər ki, Fars körfəzindən neft tədarükünün bərpa olunacağına dair əlamətlər artsa da, bazar regionda mümkün fasilələrlə bağlı narahatlığını qoruyur. Bu amil neft qiymətlərinin yüksək səviyyədə dəstəklənməsinə səbəb olur.