Capitalist.az
Elm və texnologiya

Claude Riman hipotezini həll etdi? Alimlər bölünüb

· 2 dəq ·

Anthropic tədqiqatçısı 167 illik problemin həllini tapdığını bildirir. Musk "super zəka gəldi" deyir, tənqidçilər isə şübhə ilə yanaşır.

Claude Riman hipotezini həll etdi? Alimlər bölünüb

Anthropic tədqiqatçısı 167 illik problemin həllini tapdığını bildirir. Musk "super zəka gəldi" deyir, tənqidçilər isə şübhə ilə yanaşır.

Anthropic tədqiqatçısı və riyaziyyatçısı Levent Alpöge, Claude modelinin köməyi ilə Riman hipotezinin sübutunu tapdığını açıqladı. 1859-cu ildə irəli sürülən bu fərziyyə Kley Riyaziyyat İnstitutunun 1 milyon dollar (913 min avro) mükafat qoyduğu altı Minilliyin Mükafatı məsələsindən biridir. Hipotezə görə, sadə ədədlərin təsadüfi görünən paylanması gizli və ciddi bir qanunauyğunluğa tabedir.

Alpöge aylarla Klodla işləyib, avqustda qismən nəticə təqdim edib. Sentyabrda isə maye dinamikasını idarə edən Navier–Stoks və Euler tənlikləri üzrə qismən sübut açıqlayıb. Son sübut açıq mənbəli Lean platformasına yüklənib. Sübut 175.187 faylda 17,4 milyon sətir koddan ibarətdir və 250 mindən çox səhifəlik mətnlə dəstəklənir. MIT riyaziyyatçısı Endryu Sazerlend və Lean FRO/Mathlib Təşəbbüsü 48 saat ərzində yoxlayıb və səhv tapmayıblar.

Çili Pontifik Katolik Universitetindən Hektor Pasten nəticəni riyaziyyatın ayrı qolları arasında "Rosetta Daşına bənzər" körpü adlandırıb. Oksfordlu Ceyms Meynard isə riyaziyyatçıların nəhayət hipotezin niyə doğru olduğunu bildiyini vurğulayıb. İtalyan riyaziyyatçı Alessandro Masullo 12 illik təkbaşına işinin nəticəsini eyni gün yayımlayıb, amma süni intellektə etibar etmədiyini deyib.

Meta-nın süni intellekt rəhbəri Aleksandr Vanq bunu "əhəmiyyətli dəyişikliyin başlanğıcı" adlandırıb. İlon Musk isə X-də "Super zəka gəldi, Singularity-yə xoş gəlmisiniz" yazıb. Terens Tao isə oktyabrda hipotezin süni intellektlə 2050-ci ilə qədər həll olunacağını proqnozlaşdırmışdı.

Qari Markus və digər tənqidçilər bunu super zəkanın sübutu saymırlar. Onların fikrincə, problemi süni intellekt təkbaşına həll etməyib, aylarla insan rəhbərliyi və riyaziyyatçıların qurduğu infrastruktur tələb olunub. Sübutun miqyası insanların onu anlamasını da çətinləşdirir və bu, riyazi həqiqətin dərk edilmədən nə qədər əhəmiyyətli olduğu sualını doğurur.

Sübut təsdiqlənərsə, "Riman hipotezi doğrudursa..." şərti ilə sübut edilmiş yüzlərlə teorem qəti nəticəyə çevriləcək. Kompüter elmində isə böyük ədədlərin sadə olub-olmadığını yoxlayan bəzi sürətli alqoritmlərin etibarlılığı təsdiqlənəcək. Bu, internet şifrələməsini pozmur.

Oxşar xəbərlər