Dünyanın ən çox qazanan futbolçuları
Forbes-in 2026-cı il məlumatına görə, son 12 ayda dünyanın ən çox qazanan futbolçusu Cristiano Ronaldo olub.

Futbol dünyasında böyük ulduzların qazancı yalnız meydandakı maaşlarla məhdudlaşmır. Reklam müqavilələri, sponsorluqlar, biznes layihələri və digər kommersiya gəlirləri futbolçuların ümumi qazancında mühüm rol oynayır. Forbes-in 2026-cı il məlumatına görə, son 12 ayda dünyanın ən çox qazanan futbolçusu Cristiano Ronaldo olub. Portuqaliyalı ulduzun ümumi gəliri 300 milyon dollar qiymətləndirilib. Bu məbləğin 235 milyon dolları meydandakı gəlirlərdən, 65 milyon dolları isə reklam və digər kommersiya fəaliyyətlərindən formalaşıb.
İkinci pillədə Lionel Messi qərarlaşıb. “Inter Miami”nin argentinalı futbolçusu son 12 ayda təxminən 140 milyon dollar qazanıb. Bunun 70 milyon dolları futbol gəlirləri, digər 70 milyon dolları isə meydandan kənar gəlirlərdir.
Üçüncü sırada Kylian Mbappé yer alır. “Real Madrid”in fransalı hücumçusunun illik gəliri təxminən 95 milyon dollar təşkil edib. Onun 70 milyon dolları meydandakı fəaliyyətindən, 25 milyon dolları isə kommersiya gəlirlərindən əldə olunub. Erling Haaland isə 80 milyon dollar gəlirlə dördüncü yerdədir. Norveçli futbolçunun gəlirlərinin 60 milyon dolları maaş və bonuslardan, 20 milyon dolları isə meydandan kənar fəaliyyətlərdən formalaşıb. Beləliklə, futbolun ən böyük ulduzları artıq yalnız idmançı deyil, eyni zamanda qlobal biznes brendlərinə çevriliblər.