Fransa dövlət qurumlarında Windows-dan imtina edir!
Fransa dövlət qurumlarında xarici proqram təminatından asılılığı azaltmaq üçün yeni mərhələyə keçib.

Fransa dövlət qurumlarında xarici proqram təminatından asılılığı azaltmaq üçün yeni mərhələyə keçib. Fransanın Nazirliklərarası Rəqəmsal İdarəsi (DINUM) 8 aprel 2026-cı ildə kompüterlərində Windows-dan Linux-a keçdiyini açıqlayıb. Eyni zamanda nazirlik və dövlət qurumlarına Avropadan kənar proqram təminatından asılılığın azaldılması üçün plan hazırlamaq tapşırılıb. Planların bu payız təqdim edilməsi gözlənilir. Proses əməliyyat sistemləri, əməkdaşlıq vasitələri, antivirus proqramları, süni intellekt, verilənlər bazaları, virtuallaşdırma və şəbəkə avadanlıqları olmaqla 7 əsas sahəni əhatə edir.
Fransa bu istiqamətdə ilk addımlarını daha əvvəl də atıb. 2023-cü ildə nazirlər üçün WhatsApp, Signal və Telegram istifadəsi məhdudlaşdırılıb. Ölkənin yerli Tchap mesajlaşma tətbiqindən isə hazırda 600 mindən çox dövlət qulluqçusu istifadə edir. Fransanın əsas məqsədi dövlət qurumlarının xarici texnologiya şirkətlərindən asılılığını azaltmaq, məlumat təhlükəsizliyini gücləndirmək və Avropa texnologiyalarına keçidi sürətləndirməkdir. Bu yanaşmanın növbəti mərhələsində daha geniş miqyasda açıq mənbəli və Avropa mənşəli rəqəmsal həllərin tətbiqi planlaşdırılır. Bu dəyişikliklərin mərhələli şəkildə həyata keçirilməsi və prosesin üç il ərzində tamamlanması da planlaşdırılır.