Almaniya iqtisadiyyatında artım və inflyasiya təzyiqi
Hesabatda qeyd olunur ki, yüksək enerji qiymətləri, maliyyələşdirmə xərclərinin artması və qlobal qeyri-müəyyənliklər iqtisadi fəallığı məhdudlaşdırır.

Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin aylıq hesabatına görə, ölkə iqtisadiyyatı ilin birinci yarısındakı canlanmadan sonra yay aylarında müvəqqəti yavaşlama yaşayıb. Buna baxmayaraq, iqtisadiyyatın bərpa prosesini davam etdirdiyi bildirilir.
Hesabatda qeyd olunur ki, yüksək enerji qiymətləri, maliyyələşdirmə xərclərinin artması və qlobal qeyri-müəyyənliklər iqtisadi fəallığı məhdudlaşdırır. İran və Ukraynada davam edən müharibələrin gedişatı da ölkənin iqtisadi perspektivinə təsir edən əsas amillər sırasındadır.
Bununla belə, Almaniyada sənaye istehsalı avqust ayında əvvəlki ayla müqayisədə 2% artıb. Süni intellekt, müdafiə sənayesi və infrastruktura yönələn investisiyalar iqtisadi artımı dəstəkləyən əsas amillər kimi qiymətləndirilir.
İnflyasiya sahəsində isə təzyiqlər qalmaqdadır. Sentyabr ayında istehlak qiymətləri illik müqayisədə 3,3% artıb. Enerji qiymətlərinin təxminən 15% yüksəlməsi inflyasiyanın əsas səbəblərindən biri olub. Ərzaq qiymətləri 0,4%, xidmətlərin qiymətləri isə 2,7% artıb. Əsas inflyasiya 2,4% səviyyəsində qalıb.
Əmək bazarında da zəifləmə müşahidə olunur. Sentyabr ayında işsizlərin sayı 12.000 nəfər artıb, avqustda isə məşğul əhalinin sayı 29.000 nəfər azalıb.
Digər tərəfdən, Almaniya hökuməti 2026-cı il üçün iqtisadi artım proqnozunu 0,5%-dən 1,3%-ə yüksəldib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) da proqnozunu 0,7%-dən 1,1%-ə qaldırıb.
Lakin iqtisadi canlanma və dövlət borclanmasının artması büdcə kəsirinə təzyiq göstərir. Kəsirin 2026-cı ildə ÜDM-in 4,1%-nə, 2027-ci ildə isə 4,7%-nə çatacağı gözlənilir. Yüksək enerji qiymətləri davam edərsə, həm şirkətlərin, həm də istehlakçıların üzləşdiyi maliyyə çətinlikləri daha da arta bilər.