Apple-ın yeni rəhbərinin gəliri açıqlandı!
Səhm mükafatlarının 75%-i, yəni 41,25 milyon dolları şirkətin müəyyən etdiyi performans hədəflərinə bağlıdır.

Apple-da Tim Cook-dan sonra baş direktor vəzifəsinə John Ternus gətirilib. Yeni rəhbərin maaşı və kompensasiya paketi açıqlanıb. Rəsmi məlumatlara görə, Ternusun illik ümumi kompensasiyası 58 milyon dollar təşkil edir. Bunun 3 milyon dolları illik nağd maaşdır. Qalan 55 milyon dollar isə səhm əsaslı mükafatlardan ibarətdir.
Səhm mükafatlarının 75%-i, yəni 41,25 milyon dolları şirkətin müəyyən etdiyi performans hədəflərinə bağlıdır. Qalan 25%, yəni 13,75 milyon dollar isə Ternusun şirkətdə müəyyən müddət işləməsinə əsasən əldə ediləcək. Bu kompensasiya modeli yeni baş direktorun Apple-ın uzunmüddətli nəticələrinə fokuslanmasını hədəfləyir.
Ternusun paketi sələfi Tim Cook-un 2025-ci il gəlirləri ilə də müqayisə olunur. Cook həmin il 3 milyon dollar maaş, 12 milyon dollar bonus və 57,5 milyon dollar səhm mükafatı alıb. John Ternusun mühəndislik təcrübəsi Apple-ın gələcək məhsul və texnologiya strategiyasında mühüm rol oynaya bilər. İnvestorlar onun rəhbərliyinin şirkətin nəticələrinə təsirini izləyəcək.