Azərbaycan fındığı Çin bazarında: İlk dəfə 21 ton məhsul ixrac edilib
İxrac prosesi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ÇXR-in Baş Gömrük Administrasiyası arasında fındıq və badamın karantin və sanitariya tələblərinə dair imzalanmış Protokol əsasında həyata keçirilib.

Azərbaycan fındığının Çin Xalq Respublikasına (ÇXR) ixracı sahəsində ilkə imza atılıb. Belə ki, “AGRARCO” MMC tərəfindən ilk dəfə olaraq 21 ton qabığı təmizlənmiş fındıq ləpəsi Çin bazarına göndərilib.
İxrac prosesi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ÇXR-in Baş Gömrük Administrasiyası arasında fındıq və badamın karantin və sanitariya tələblərinə dair imzalanmış Protokol əsasında həyata keçirilib.
AQTA-nın dəstəyi ilə aparılan işlər nəticəsində müəssisə Çin bazarına fındıq ləpəsi ixracı üçün rəsmi icazə əldə edib. Göndərilən ilk partiya Çin tərəfinin müəyyən etdiyi fitosanitar və qida təhlükəsizliyi standartlarına uyğun olaraq müvafiq sertifikatlarla təmin olunub.
Azərbaycan fındığının Çin bazarına çıxarılması yerli istehsalçılar üçün yeni ixrac imkanlarının yaranması və məhsulların beynəlxalq bazarlarda tanıdılması baxımından əhəmiyyətli addımdır.