Capitalist.az
Elm və texnologiya

Bill Geyts: Süni intellektin riskləri faydalarından daha tez ortaya çıxa bilər

· 1 dəq ·

Microsoft-un həmtəsisçisi Bill Geyts süni intellektin (Sİ) mümkün riskləri ilə bağlı xəbərdarlıq edib.

Bill Geyts: Süni intellektin riskləri faydalarından daha tez ortaya çıxa bilər

Microsoft-un həmtəsisçisi Bill Geyts süni intellektin (Sİ) mümkün riskləri ilə bağlı xəbərdarlıq edib.

Geyts bildirib ki, lazımi tədbirlər görülməsə, bioloji, kiber və psixososial risklər süni intellektin gətirəcəyi faydalardan daha tez ortaya çıxa bilər.

O, The New York Times qəzetinə müsahibəsində süni intellektin insan beynindən fərqli olaraq bioloji məhdudiyyətlərə tabe olmadığını və gələcəkdə insan zəkasını üstələyə biləcəyini qeyd edib.

Geytsə görə, mövcud süni intellekt sistemləri artıq zərərli şəxslər tərəfindən bioloji və kiberhücumlar üçün istifadə oluna bilər. O, açıq mənbəli modellərdə təhlükəsizlik mexanizmlərinin deaktiv edilə bilməsini də risk kimi qiymətləndirib.

“Sənayenin özünü tənzimləməsinə etibar edə bilməzsiniz”

Geyts süni intellektə dövlət nəzarətinin gücləndirilməsinin vacib olduğunu bildirib.

“Sənayenin özünü tənzimləməsinə etibar edə bilməzsiniz”, – deyə o vurğulayıb.

Süni intellekt və iş yerləri

Geyts süni intellektin əmək bazarına ciddi təsir göstərəcəyini, lakin texnologiyanın müəyyən işi insandan daha ucuz yerinə yetirməsinin həmin işin avtomatik olaraq süni intellektə həvalə edilməli olduğu anlamına gəlmədiyini bildirib.

O, həmçinin süni intellektin aşağı gəlirli ölkələrdə səhiyyə və digər əsas problemlərin həllinə kömək edə biləcəyini qeyd edib.

Geytsin fikrincə, qarşıdakı 5 il süni intellektlə bağlı risklərin idarə olunması baxımından kritik ola bilər. O, bioloji və kiberhücumlar, eləcə də iş yerlərinin azalması kimi mümkün risklərin təsirini minimuma endirmək üçün vaxtında tədbirlər görülməli olduğunu vurğulayıb.

Oxşar xəbərlər