Bitcoin neft qiymətlərinin artımı fonunda ucuzlaşıb!
Dünyanın ən böyük kriptovalyutası 1,56% azalaraq 82 914,4 dollara düşüb.

Bitcoinin qiyməti cümə axşamı kəskin ucuzlaşıb. Dünyanın ən böyük kriptovalyutası 1,56% geriləyərək 82 914,4 dollara düşüb. Gün ərzində Bitcoin 82 300,5 dollara qədər enib və bununla da son 3 həftənin ən aşağı səviyyəsini görüb.
Eniş yalnız Bitcoinlə məhdudlaşmayıb. Kriptovalyuta bazarındakı satış dalğası digər əsas aktivlərə də təsir edib. Ether 2,2% azalaraq 2 558,85 dollara düşüb. XRP 5,2%, Cardano 2,4%, BNB 0,3%, Solana isə 3,3% ucuzlaşıb.
Ekspertlər bazardakı təzyiqi əsasən neft qiymətlərinin və ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirliliyinin artması ilə əlaqələndirirlər. Neftin bahalaşması qlobal inflyasiya ilə bağlı narahatlıqları artırıb və investorların riskli aktivlərə marağını zəiflədib. Eyni zamanda, ABŞ Federal Ehtiyat Sisteminin inflyasiya ilə mübarizə məqsədilə sərt pul siyasətini davam etdirə biləcəyi gözləntiləri də Bitcoinə təzyiq göstərib. Yüksək faiz dərəcələri riskli aktivlərə investisiyanı daha az cəlbedici edir.