Çində elektrik istehlakı rekord səviyyəyə çatıb!
Ölkədə ay ərzində elektrik enerjisi istehlakı ilk dəfə 1 trilyon kilovat-saatı keçərək 1,033 trilyon kilovat-saata çatıb.

Çində elektrik enerjisinə tələbat avqust ayında rekord səviyyəyə çatıb. Ölkədə ay ərzində elektrik enerjisi istehlakı ilk dəfə 1 trilyon kilovat-saatı keçərək 1,033 trilyon kilovat-saata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7% artım deməkdir. Elektrik enerjisinə ən böyük tələbat sənaye sahəsində qeydə alınıb. Sənayedə elektrik istehlakı 2,7% artıb. Xüsusilə yüksək texnologiya və avadanlıq istehsalı sahələrində elektrik istifadəsi 7,2% yüksəlib və 122,2 milyard kilovat-saata çatıb.
Elektrikli nəqliyyat vasitələrinin doldurulması və batareya dəyişdirmə stansiyalarında elektrik istehlakı 51%, internet məlumat mərkəzlərində isə 38% artıb. Bu göstəricilər Çində texnologiya və elektrikli nəqliyyata tələbatın sürətlə artdığını göstərir. Digər tərəfdən, güclü yağışlar və tayfunlar səbəbindən yaşayış məntəqələrində elektrik istehlakı 4% azalıb. Bunun əsas səbəblərindən biri kondisionerlərdən istifadəyə tələbatın azalması olub.