Çində iqtisadi artım gözləntiləri doğrultmadı
Pərakəndə satışlar illik müqayisədə cəmi 0,4% artaraq iqtisadçıların 0,8%-lik proqnozundan geri qalıb.

Çin iqtisadiyyatı oktyabr ayında gözləniləndən daha zəif nəticələr göstərib. İstehlak, sənaye istehsalı və investisiyalar üzrə açıqlanan göstəricilər iqtisadi fəallığın yavaşladığını ortaya qoyub. Pərakəndə satışlar illik müqayisədə cəmi 0,4% artaraq iqtisadçıların 0,8%-lik proqnozundan geri qalıb. Sənaye istehsalının artımı isə 4,8% təşkil edib.
İnvestisiya sahəsində də geriləmə qeydə alınıb. 2026-cı ilin yanvar-oktyabr aylarında əsas vəsaitlərə investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% azalıb. Bu göstərici iqtisadçıların 7%-lik azalma proqnozunu da üstələyib.
İqtisadi zəifləmənin əsas səbəblərindən biri daşınmaz əmlak sektorunda davam edən böhrandır. Oktyabr ayında mənzil qiymətlərində azalma davam edib, daşınmaz əmlaka investisiyalar isə ilin ilk 10 ayında 21,6% geriləyib.
Pekin hökumətinin iqtisadi artımı dəstəkləmək üçün açıqladığı stimullaşdırıcı tədbirlərə baxmayaraq, onların təsiri hələlik məhdud qalır. İqtisadçılar əlavə dəstək tədbirlərinin tətbiq oluna biləcəyini bildirirlər.
Digər tərəfdən, şəhərlərdə işsizlik səviyyəsi sentyabrdakı 5,2%-dən oktyabrda 5,1%-ə düşüb. Lakin ekspertlər rəsmi göstəricilərin əmək bazarındakı real vəziyyəti tam əks etdirmədiyini düşünürlər.
Zəif iqtisadi göstəricilərə baxmayaraq, maliyyə bazarlarında ciddi dəyişiklik müşahidə olunmayıb. Çin yuanı və dövlət istiqrazları əsasən sabit qalıb.