Çin süni intellektlə böyüyən nəsil yetişdirir
Çin 2030-cu ilədək bütün məktəblilərin süni intellekt savadına yiyələnməsini hədəfləyir. Ölkə dünyanın ən iri təhsil eksperimentlərindən birini aparır, amma nəticələri hələ birmənalı deyil.

Çin 2030-cu ilədək bütün məktəblilərin süni intellekt savadına yiyələnməsini hədəfləyir. Ölkə dünyanın ən iri təhsil eksperimentlərindən birini aparır, amma nəticələri hələ birmənalı deyil.
Pekinin ən nüfuzlu özəl məktəblərindən birində oxuyan 13 yaşlı Penq Qaodi süni intellektin köməyi ilə 200-dən çox tətbiq hazırlayıb. Onların arasında ev tapşırıqları platforması və ikinci əl əşyalar bazarı da var. Penq ideyalarını real investorlara təqdim edir, İlon Maskı bəyəndiyini deyir və kompüter alimi olmaq istəyir.
Onun sinif yoldaşları da futbol oynayan humanoid robotları proqramlaşdırır, kodlaşdırma seminarlarına qatılır, uçuş simulyatorlarında məşq edirlər. 12 hektarlıq internat kampusundakı plakatlar şagirdləri “vibe coding” üsulu ilə “beş dəqiqəyə virtual dünya yaratmağa” çağırır.
“Əvvəllər evdə bir məsələni həll edə bilməyəndə müəllimə zəng etməli olurdum, bu da onun iş yükünü artırırdı. İndi isə sadəcə süni intellektdən daha yaxşı öyrənməyimə kömək etməsini istəyirəm. Bu, öyrənmə səmərəliliyimi xeyli artırıb”, – deyə Penq bildirib.
İllik təhsil haqqı 39 min dollar olan Pekin Yeni İstedadlar Akademiyası Reuters agentliyinə nadir hallarda verilən icazə ilə qapılarını açıb. 2000-dən çox şagirdin oxuduğu məktəb süni intellekt, robototexnika və proqramlaşdırmanı əhatə edən öz rəqəmsal innovasiya proqramını hazırlayıb. Akademiya həmçinin tanınmış Çin modellərinin imkanlarını birləşdirən öz sinif modelini yaradıb.
Bu məktəb ölkədə gedən daha geniş dəyişikliklərin ön cəbhəsində dayanır. Çində ibtidai və orta məktəblərdə təxminən 200 milyon şagird oxuyur. Süni intellekt bütün ölkədə tədrisə getdikcə daha çox inteqrasiya olunur. Bununla da Çin dünyada süni intellektə əsaslanan ən iri təhsil eksperimentlərindən birini həyata keçirir.
Pekin 2030-cu ilədək süni intellekt savadının bütün məktəblilər üçün ümumi olmasını istəyir. Qüvvədə olan qaydalara görə, şagirdlər kiçik yaşda əsas anlayışları mənimsəməklə başlamalı, daha sonra mürəkkəb layihələrdə qabaqcıl alətlərdən istifadə etməyi və tənqidi düşünməyi öyrənməlidirlər.
Reuters bir neçə həftə ərzində araşdırma aparıb. Agentlik məktəblərə baş çəkib, onlarla müəllim, valideyn və ekspertlə danışıb, 100-dən çox elmi məqaləni və dövlət satınalma sənədlərini öyrənib. Nəticədə bu, süni intellektin Çin məktəblərini necə dəyişdiyinə dair ən ətraflı mənzərələrdən biridir. Araşdırma süni intellektdə bacarıqlı ixtiraçılar nəsli yetişdirmək üçün iri, lakin qeyri-bərabər bir səyi üzə çıxarıb. Bu sahədə süni intellekt savadının nə demək olduğu, necə öyrədilməli və necə ölçülməli olduğu barədə ortaq fikir hələ yoxdur.
Çin bu texnologiyanı iqtisadi gələcəyinin və ABŞ ilə texnoloji rəqabətin əsas sahəsi hesab edir. Rəsmi Pekin ümid edir ki, uşaqları erkən yaşdan texnologiya ilə tanış etmək böyük kəşflər üçün lazım olan yerli innovasiyanı inkişaf etdirəcək.
Qərbi xeyli qabaqlayan dövlət planı
Çinin dövlət tərəfindən idarə olunan səyləri Qərbdəkindən xeyli genişdir. Prezident Si Cinpin süni intellekt təhsilini islahatların əsası elan edib. Stenford Universitetinin 2026-cı il Süni İntellekt İndeksinə görə isə ABŞ-da bu sahə mərkəzləşdirilməmiş və məcburi olmayan tövsiyələrlə tənzimlənir. Orada nə xüsusi maliyyələşmə, nə də ştat səviyyəsində müəllimlər üçün standartlar var.
Reuters əyalətlərin “Süni intellekt + təhsil” planlarını təhlil edib. Təhlil başqa ölkələrdə müşahidə olunmayan dərəcədə rəsmi koordinasiya olduğunu göstərir. Çinin əyalət və iri şəhərlərinin təxminən yarısı məcburi planlar qəbul edib:
Şanxay hər sinifdə ildə ən azı 30 saat süni intellekt dərsi keçməyi tələb edir.
Pekin şəhər hökuməti süni intellekti şagirdlərin sağlamlığına nəzarətə tətbiq etməyi və 100 pilot məktəb yaratmağı planlaşdırır.
Ninsya və Qansu kimi bölgələr 2027-ci ilədək süni intellekt biliklərini həlledici əhəmiyyət daşıyan qəbul imtahanlarına daxil etmək niyyətindədir.
Sənədlər süni intellektin sinifdə daha geniş tətbiqlərindən də xəbər verir. Kodlaşdırma və repetitorluqdan başqa, Quyçjou əyaləti siniflərdə üz tanıma və davranış təhlili sistemləri qurur. Şanxay şagirdlərin psixi və fiziki sağlamlığını izləyən sistemlər tətbiq edir. Yunnanda isə 14 min sinifdə dərslərin süni intellekt tərəfindən yazılması və təhlil edilməsi nəzərdə tutulur. Bütün bunlar Çin məktəblərini dünya təhsilinin qarşısında duran imkan və risklər üçün böyük sınaq meydanına çevirir.
Süni intellekt siniflərdə yayıldıqca bir çox müəllim çətin vəziyyətdə qalır. Onlar texnologiyanı tətbiq etməyə çalışır, amma siyasətçilərin aradan qaldırmaq istədiyi əzbərçilik vərdişlərini gücləndirməkdən çəkinirlər.
Reuters ölkə daxilində tamamilə fərqli yanaşmalar müşahidə edib. Bəzi məktəblər Penq kimi şagirdləri süni intellektlə yeni şeylər yaratmağa həvəsləndirir. Digərləri isə texnologiyadan təhsil resurslarındakı boşluqları doldurmaq üçün istifadə edir.
Çinin təhsil texnologiyaları şirkəti ClassIn-in baş direktoru Ted Mo Çen tətbiqin olduqca dağınıq olduğunu deyib. Onun sözlərinə görə, getdiyi məktəblərin yalnız azında süni intellekt tədris proqramına səmərəli şəkildə daxil edilib.
Çinin Təhsil Nazirliyi şərh sorğusuna cavab verməyib.
Gələcəyin sinif otaqları
Pekin Yeni İstedadlar Akademiyasının direktoru Liu Veyin sözlərinə görə, şagirdlərin yalnız kiçik bir hissəsi süni intellekt üzrə alim və ya mühəndis olacaq. Qalanları üçün məqsəd süni intellektdən gündəlik öyrənmə və yaradıcılıq aləti kimi istifadə etməkdir.
Paytaxtdan yüzlərlə kilometr uzaqda, Anhuy əyalətinin kəndlərində yerləşən Funan rayon Qinqinq liseyi eyni texnologiyadan başqa məqsədlə istifadə edir. Lisey varlı şəhərlərin nadir hallarda üzləşdiyi bir problemi, ixtisaslı müəllim çatışmazlığını həll etməyə çalışır.
Direktor Yanq Tyanlyanın sözlərinə görə, əsasən miqrant işçilərin övladları olan 4000 şagird əsas fənləri süni intellektin hazırladığı dərslərlə öyrənir. Şagirdlər fərdiləşdirilmiş dərsləri planşetdə izləyirlər. Çətinlik çəkəndə süni intellekt agentləri onlara hazır cavab vermək əvəzinə yönləndirici suallar verir.
“Süni intellekt agenti yorulmur. Sadə sual verən şagirdi heç vaxt özünü axmaq kimi hiss etməyə məcbur etmir”, – deyə Yanq bildirib.
Lisey mətn, şəkil, interaktiv dərs və video hazırlamaq üçün Alibaba-nın Qwen modelindən, həmçinin ByteDance və Z.AI şirkətlərinin modellərindən istifadə edir. Direktor deyir ki, şagirdlər arasında ünsiyyəti artırmaq üçün kiçik qrup layihələri də tətbiq olunur.
Yanqın sözlərinə görə, bu yanaşma son illərdə ali məktəblərə qəbul göstəricisini 60 faizdən 90 faizə qaldırmağa kömək edib. Lakin Reuters bu rəqəmləri müstəqil təsdiqləyə bilməyib. Direktorun hesablamasına görə, ən azı 200 Çin məktəbi oxşar sistemləri sınaqdan keçirir.
Alibaba-nın sözçüsü bildirib ki, şirkətin açıq mənbəli modelləri və “Gənclər üçün Bulud” proqramı şagirdlərə süni intellekt alətlərindən və təhsil resurslarından birbaşa istifadə imkanı verir. ByteDance və Z.AI sorğulara cavab verməyib.
Milyonlarla dollarlıq sərmayə
Qinqinq kimi məktəblər süni intellektin Çin təhsil sistemində nə qədər sürətlə yayıldığını göstərir. Təhsil Nazirliyi 2024-cü ildən məktəbləri süni intellekt kursları açmağa, müəllim hazırlamağa və pilot layihələr qurmağa təşviq edir. İbtidai sinif şagirdləri əsas alətlərlə tanış olur. Yuxarı sinif şagirdləri isə süni intellekt sistemlərinin necə işlədiyini öyrənir və onları getdikcə mürəkkəbləşən layihələrdə tətbiq edirlər.
Reuters 100-dən çox dövlət satınalma sənədini təhlil edib. Məlum olub ki, son bir ildə hakimiyyət orqanları süni intellekt əsaslı sinif avadanlığına, təlim və tədris platformalarına ən azı 31 milyon dollar xərcləyib.
Real məbləğ, çox güman ki, daha böyükdür, çünki xərclər minlərlə yerli büdcəyə səpələnib və rəsmi şəkildə ümumiləşdirilmir. Konsaltinq şirkəti iResearch 2025-ci ildə təhsilin rəqəmsallaşmasına çəkilən xərcləri təxminən 83 milyard dollar qiymətləndirir. Şirkətə görə, süni intellekt təhsili üzrə satınalmaların 46 faizi generativ süni intellekt layihələrinin payına düşür.
Uğurun meyarı olmayan eksperiment
Çində süni intellekt savadını ölçmək üçün vahid standart hələ yoxdur. Buna görə məktəblər eksperiment aparmaqda sərbəstdir, uğuru qiymətləndirmək isə çətinləşir.
“Məktəb səviyyəsində süni intellekt bacarıqları üçün geniş qəbul olunmuş qiymətləndirmə meyarları hələ formalaşma mərhələsindədir”, – deyə China Policy tədqiqat şirkətinin portfel rəhbəri Selena Quo bildirib.
Süni intellektin uşaqların öyrənməsinə təsirinə dair ilk araşdırmaların nəticələri də ziddiyyətlidir. Bəziləri qısamüddətli irəliləyiş göstərsə də, uzunmüddətli intellektual inkişafla bağlı suallar doğurur.
Təxminən 27 min Çinli yeniyetmə arasında aparılan bir araşdırmada süni intellektdən istifadə ev tapşırığı ballarında 18 faiz artımla əlaqələndirilib. Eyni zamanda altı ay ərzində aylıq imtahan balları 20 faiz azalıb. Ən böyük azalma sosial elmlər üzrə qeydə alınıb.
Bu il 320 mindən çox şagirdi əhatə edən ümummilli sorğu da faydalarla yanaşı, asılılıq və müstəqil düşüncənin zəifləməsi ilə bağlı narahatlıqları üzə çıxarıb. Həftədə ən azı üç dəfə süni intellektdən istifadə edən şagirdlərin yaddaş, anlama, təhlil və yaradıcılıq göstəriciləri daha az istifadə edənlərdən aşağı olub.
Bu nəticələr birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Amma müəllimlərin “koqnitiv autsorsinq” ilə bağlı narahatlığını artırır, yəni uşaqların zehni işi özləri görmək əvəzinə texnologiyaya həvalə etməsi ilə bağlı.
ClassIn rəhbəri Çen xəbərdarlıq edib ki, məktəblər uşaqların hazır cavab almaq üçün süni intellektə müraciət etməsinin qarşısını almasa, onların düşünmə prosesi tamamilə kənarda qala bilər.
Reuters-in nəzərdən keçirdiyi Çin elmi araşdırmaları da göstərir ki, kənd yerlərindəki şagirdlər koqnitiv autsorsinqə və cihaz asılılığına xüsusilə həssas ola bilərlər.
Balansı tapmaq
Bəzi müəllim və valideynlər süni intellektin tənqidi düşüncəni əvəz etməməsi üçün artıq müxtəlif qaydalar sınayırlar.
Pekin Yeni İstedadlar Akademiyasında oxuyan Penq deyir ki, kodlaşdırma məsələlərini əvvəlcə özü həll etməyə çalışır və süni intellektdən hazır cavab deyil, yalnız ipucu istəyir. Onun sözlərinə görə, texnologiya riyaziyyatı daha dərindən anlamasına kömək edib.
“Mənim üçün süni intellekt kömək edən bir vasitədir, ondan asılı deyiləm”, – deyə yeniyetmə bildirib.
Pekin sakini Rita Luanın 11 yaşlı qızı paytaxtın aparıcı dövlət məktəblərindən birində oxuyur. Luan üçün əsas məsələ süni intellektin öyrənməni qısaltması yox, gücləndirməsidir.
Luan deyir ki, qızının məktəbində süni intellekt hələ əsasən nəzəri anlayışlar səviyyəsində tədris olunur. Buna görə o, evdə əlavə məşğələlər keçir və qızına öz nəzarəti altında ByteDance-in Doubao çatbotundan istifadə etməyi öyrədir.
Onun qaydası belədir: süni intellektə müraciət etməzdən əvvəl çətin riyaziyyat məsələsi üzərində 15 dəqiqə özün düşün. Bir neçə gün sonra Luan qızından eyni məsələni köməksiz həll etməsini istəyir.
“Məqsəd onun həlli həqiqətən mənimsədiyinə əmin olmaqdır”, – deyə ana bildirib.
Mənbə: Reuters