GlobalFoundries Yaponiyanın 21 milyard dollarlıq investisiyası ilə ABŞ-da iki yeni çip zavodu açacaq
ABŞ-ın yarımkeçirici istehsalçısı GlobalFoundries Nyu-York ştatında iki yeni çip zavodunun tikintisini planlaşdırır. Layihənin Yaponiyanın 21 milyard dollara qədər investisiyası hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

ABŞ-ın yarımkeçirici istehsalçısı GlobalFoundries Nyu-York ştatında iki yeni çip zavodunun tikintisini planlaşdırır. Layihənin Yaponiyanın 21 milyard dollara qədər investisiyası hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
GlobalFoundries şirkətinin məlumatına görə, Nyu-York ştatının Malta şəhərində həyata keçiriləcək layihə ABŞ-da yarımkeçirici istehsalının genişləndirilməsinə və strateji təchizat zəncirlərinin gücləndirilməsinə xidmət edəcək. Razılaşma ABŞ və Yaponiya arasında əldə olunan ticarət və investisiya sazişi çərçivəsində mümkün olub.
İnvestisiyanın təxminən 10 milyard dollarının 2029-cu ildə açılması planlaşdırılan ilk zavodun tikintisini sürətləndirməyə, digər 10 milyard dolların isə ikinci zavodun inşasına yönəldilməsi nəzərdə tutulur.
Şirkət daha əvvəl Bayden administrasiyasının yarımkeçirici istehsalını genişləndirmək proqramı çərçivəsində federal maliyyə dəstəyi almışdı. GlobalFoundries-in sözçüsü Kennet Kreyqin bildirdiyinə görə, Yaponiya investisiyası sayəsində həmin federal vəsaitlərin yarımkeçirici istehsalının inkişafı üzrə digər layihələrə yönəldilməsi mümkün olacaq.
ABŞ Prezidenti Donald Tramp ölkə hökumətinin Intel şirkətində olduğu kimi, GlobalFoundries-də də pay əldə edə biləcəyini açıqlayıb. Bu yanaşma administrasiyanın özəl şirkətlərdə dövlət iştirakını genişləndirmək siyasətinin bir hissəsidir.
Süni intellekt texnologiyalarının sürətli inkişafı və məlumat mərkəzlərinin hesablama gücünə artan tələbat yarımkeçirici bazarında investisiyaları sürətləndirir. Tayvanın aparıcı çip istehsalçısı TSMC də ABŞ-dakı istehsal gücünü genişləndirmək üçün əlavə 100 milyard dollar investisiya yatırmağı planlaşdırdığını açıqlayıb.
GlobalFoundries-in yeni zavodları ABŞ-ın yerli çip istehsalı imkanlarının artırılmasına və qlobal yarımkeçirici təchizat zəncirində mövqeyinin gücləndirilməsinə töhfə verəcək.