Süni intellekt investisiyaları maliyyə risklərini artırır!
Bailey mümkün bazar şoklarına qarşı maliyyə sisteminin dayanıqlığını qorumağın vacib olduğunu vurğulayıb.

İngiltərə Mərkəzi Bankının (BOE) rəhbəri Andrew Bailey süni intellektə yönələn investisiyaların sürətli artmasının maliyyə bazarları üçün risk yarada biləcəyini bildirib. Bailey BBC-yə müsahibəsində süni intellekt şirkətlərinə böyük həcmdə sərmayə axınının aktiv qiymətlərinə təsirini BOE-nin yaxından izlədiyini deyib. Onun sözlərinə görə, hazırda bazarlarda süni intellekt sahəsindəki bütün şirkətlərin uğur qazanacağı gözləntisi formalaşıb. Lakin əvvəlki təcrübələr bunun hər zaman belə olmadığını göstərir.
Bailey mümkün bazar şoklarına qarşı maliyyə sisteminin dayanıqlığını qorumağın vacib olduğunu vurğulayıb. Süni intellekt şirkətləri arasındakı güclü rəqabət, yüksək borclanma xərcləri və məlumat mərkəzlərinə qarşı artan ictimai narazılıq sektordakı riskləri artıran amillər kimi göstərilir. BOE-nin son sistem riskləri sorğusunda da süni intellektlə bağlı riskləri qeyd edən iştirakçıların sayı rekord səviyyəyə çatıb. Bailey həmçinin süni intellektin maliyyə sistemindəki zəiflikləri üzə çıxara biləcəyini bildirib.