WhatsApp bəzi köhnə smartfonlarda işləməyəcək!
Buna görə də bəzi köhnə smartfonlar artıq WhatsApp dəstəyindən kənarda qalacaq.

Meta WhatsApp-ın Android və iOS cihazlarında işləməsi üçün minimum sistem tələblərini yeniləyib. Buna görə də bəzi köhnə smartfonlar artıq WhatsApp dəstəyindən kənarda qalacaq. Yeni qaydalara əsasən, 8 sentyabr 2026-cı ildən WhatsApp yalnız Android 6.0 və daha yeni versiyalarda işləyəcək. Əvvəlki minimum tələb Android 5.0 idi. Bu dəyişiklik səbəbindən bəzi köhnə Android smartfonlarında WhatsApp-dan istifadə mümkün olmayacaq.
iPhone istifadəçiləri üçün isə yeni tələb 30 noyabr 2026-cı ildən qüvvəyə minəcək. Həmin tarixdən etibarən WhatsApp yalnız iOS 15.5 və daha yeni versiyaları dəstəkləyəcək. Hazırda iOS 15.1 dəstəkləyən iPhone modellərinin əksəriyyəti daha yeni versiyalara yenilənə bildiyi üçün istifadəçilərin böyük hissəsinin bu dəyişiklikdən təsirlənəcəyi gözlənilmir. Meta bildirir ki, köhnə smartfonlar yeni təhlükəsizlik yeniləmələrini və WhatsApp-ın işləməsi üçün lazım olan texniki funksiyaları dəstəkləməyə bilər. Şirkət bu səbəbdən sistem tələblərini mütəmadi olaraq yeniləyir. İstifadəçilərə smartfonlarının proqram təminatını vaxtında yeniləmələri tövsiyə olunur.