Apple ağıllı ev məhsullarını təqdim etməyə hazırlaşır!
Tədbirdə yeni ağıllı ev ekranı, Apple TV və HomePod mini modellərinin təqdim olunacağı gözlənilir.

Apple oktyabrın 13-də Nyu-Yorkda “Welcome Home” adlı tədbir keçirəcək. Şirkətin “Xoş gəlmisiniz” devizi ilə elan etdiyi təqdimatın əsas mövzusunun ağıllı ev texnologiyaları olacağı gözlənilir. Dəvətnamədə ev mövzusuna vurğu edilməsi Apple-ın uzun müddətdir üzərində işlədiyi yeni məhsulları təqdim edə biləcəyi ehtimalını gücləndirib.
Tədbirdə yeni ağıllı ev ekranı, Apple TV və HomePod mini modellərinin təqdim olunacağı gözlənilir. Xüsusilə HomePad adı ilə tanınan ağıllı ev ekranı diqqət mərkəzindədir. Şayiələrə görə, cihaz istifadəçini tanıya və ona uyğun məlumatları ekranda göstərə bilər. Məhsulun FaceTime zəngləri, video və musiqi yayımları, eləcə də evdaxili rabitə funksiyalarını dəstəkləyəcəyi ehtimal olunur.
Bundan əlavə, Apple ekosistemi ilə işləyəcək LG istehsalı ağıllı qapı zəngi, termostat və kilid kimi məhsullar barədə də məlumatlar yayılıb. Lakin onların tədbirdə təqdim edilib-edilməyəcəyi hələ məlum deyil.
Apple-ın ağıllı ev bazarında Amazon və Google kimi rəqiblərlə rəqabət aparması üçün yeni məhsullarla yanaşı, Siri səsli köməkçisinin imkanlarını da inkişaf etdirməsi vacib hesab olunur. Şirkət təqdim ediləcək məhsullar barədə hələlik rəsmi açıqlama verməyib.