Apple oktyabrda hansı yenilikləri təqdim edə bilər?
İddialara əsasən, yeni MacBook Pro modelləri 14 və 16 düymlük toxunma ekranları ilə təchiz oluna bilər.

Apple-ın oktyabrın 28-də Los Angeles-də mətbuat nümayəndələri üçün xüsusi təqdimat keçirəcəyi bildirilir. Bloomberg jurnalisti Mark Gurman-a istinad edilən məlumata görə, tədbirdə yeni MacBook Pro, iMac və iPad mini modellərinin nümayiş olunması gözlənilir.
İddialara əsasən, yeni MacBook Pro modelləri 14 və 16 düymlük toxunma ekranları ilə təchiz oluna bilər. OLED ekran, Dynamic Island funksiyası, daha nazik və yüngül korpus gözlənilən yeniliklər arasındadır. Modellərin “MacBook Pro” adı ilə təqdim ediləcəyi ehtimal olunur.
Yeni 14 düymlük MacBook Pro və iMac modellərində M6 çiplərinin istifadə olunacağı da bildirilir. Bu çiplərin proqramların daha sürətli işləməsinə, qrafik işlərin daha rahat görülməsinə və enerji səmərəliliyinin artmasına imkan yaradacağı gözlənilir.
iPad mini üçün də bir sıra yeniliklərdən danışılır. Bunlara OLED ekran, cihazı üfüqi tutarkən istifadəyə uyğun yerləşdirilmiş ön kamera və yenilənmiş səs sistemi daxildir.
Məlumata görə, Apple məhsulları əvvəlcə oktyabrın 27-də video təqdimatla tanıda, ertəsi gün isə jurnalistlərə cihazları sınaqdan keçirmək imkanı yarada bilər. Bu xüsusiyyətlər və tarixlər hələlik iddia kimi təqdim olunur.