Avropada supermarketlərin soyutma sistemlərinə kiberhücum edilib
Avropanın Fransa, Almaniya və digər ölkələrində supermarketlərin soyutma sistemlərinə edilən kiberhücumlar ərzaq məhsullarının məhv olmasına və milyonlarla avroluq zərər riskinə səbəb olub

Avropanın bir sıra ölkələrində supermarketlərin soyuducu və dondurucu sistemləri kiberhücumlara məruz qalıb. Hücumlar nəticəsində bəzi mağazalarda soyutma qurğularının temperaturu yüksəlib, ərzaq məhsulları yararsız hala düşüb və müəssisələrə maddi ziyan dəyib.
Noyabrın əvvəllərində, Belçika, Estoniya, İrlandiya, Lüksemburq, İsveç, Finlandiya və Niderlandda fəaliyyət göstərən supermarketlərdə soyutma sistemlərinin işində problemlər qeydə alınıb. İlkin ehtimallara görə, kibercinayətkarlar soyuducu qurğuların uzaqdan idarəetmə sistemlərinə müdaxilə edərək onların iş rejimini dəyişiblər.
İsveçdə fəaliyyət göstərən Coop supermarketlər şəbəkəsi altı mağazasında problemin yarandığını açıqlayıb. Şirkətin nümayəndəsi bildirib ki, soyuducu və dondurucu qurğuların normal fəaliyyəti bərpa edilib. Bununla belə, hücumun kimlər tərəfindən həyata keçirildiyi hələ müəyyən edilməyib.
Belçikada isə vəziyyət daha geniş miqyas alıb. Carrefour, Delhaize, Colruyt və Intermarché kimi supermarket şəbəkələrinin bəzi mağazalarında soyutma sistemlərinin fəaliyyəti pozulub. Carrefour şirkəti ölkədəki təxminən 700 mağazasından 15-də problem yarandığını təsdiqləyib. Hadisə ilə bağlı Belçika prokurorluğu tərəfindən araşdırmaya başlanılıb.
İrlandiyada Musgrave şirkətinə məxsus 13 SuperValu mağazasının da kiberinsidentdən təsirləndiyi bildirilir. Estoniyada isə ən azı bir supermarketin soyutma qurğularında temperaturun 50 dərəcəyədək yüksəldiyi barədə məlumat yayılıb.
Avropa İttifaqının kənd təsərrüfatı və ərzaq məsələləri üzrə komissarı Kristof Hansen baş verən hadisələri ciddi narahatlıq doğuran hal kimi qiymətləndirib. Onun sözlərinə görə, bu cür hücumlar Avropanın ərzaq təchizatı zəncirinin fəaliyyətini pozmaq və istehlakçıların etimadını sarsıtmaq məqsədi daşıya bilər.
Qeyd edək ki, oxşar hadisə oktyabr ayında Fransada da baş verib. Həmin vaxt yüzlərlə supermarketin soyutma sistemlərinə müdaxilə edilməsi nəticəsində böyük həcmdə ərzaq məhsulu məhv olub. Son hadisələr isə Avropada ərzaq sektorunun rəqəmsal təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb.
Hazırda hücumların arxasında hansı şəxslərin və ya qrupların dayandığı məlum deyil. Araşdırmalar davam edir.