Aİ ölkələri maliyyə bazarlarına nəzarətin mərkəzləşdirilməsi ilə bağlı razılığa gəliblər
Avropa İttifaqına (Aİ) üzv ölkələr maliyyə bazarlarına nəzarət mexanizminin gücləndirilməsi və Avropa Qiymətli Kağızlar və Bazarlar İdarəsinin (ESMA) səlahiyyətlərinin genişləndirilməsi barədə razılığa gəliblər.

Avropa İttifaqına (Aİ) üzv ölkələr maliyyə bazarlarına nəzarət mexanizminin gücləndirilməsi və Avropa Qiymətli Kağızlar və Bazarlar İdarəsinin (ESMA) səlahiyyətlərinin genişləndirilməsi barədə razılığa gəliblər.
Maliyyə nazirlərinin Lüksemburqda keçirilən görüşündə razılaşdırılan paket transsərhəd investisiyaların asanlaşdırılmasını, şirkətlərin maliyyə resurslarına çıxışının genişləndirilməsini və Aİ-nin kapital bazarlarının inteqrasiyasını hədəfləyir.
Yeni təşəbbüs çərçivəsində əsas ticarət platformaları, klirinq və hesablaşma infrastrukturları, eləcə də kriptoaktivlər üzrə xidmət təminatçıları üzərində ESMA-nın birbaşa nəzarət səlahiyyətlərinin artırılması nəzərdə tutulur.
İslahatların milli nəzarət orqanları arasında tətbiq və icra fərqlərini azaltmaqla maliyyə bazarlarında parçalanmanın qarşısını alacağı gözlənilir. Paket, həmçinin ESMA daxilində müstəqil icra şurasının yaradılmasını və bazar iştirakçıları üçün vahid fəaliyyət çərçivəsinin formalaşdırılmasını nəzərdə tutur.
Bununla belə, bəzi ticarət platformalarının birbaşa Avropa nəzarətindən kənarda qalması ehtimalı ilə bağlı məsələlər hələ də müzakirə mövzusudur.
Niderlandın maliyyə naziri Eelko Heynen razılaşmanı Aİ-nin kapital bazarlarının inkişafı istiqamətində mühüm addım kimi qiymətləndirib.
İslahatlar Avropada əmanətlərin investisiyalara yönəldilməsini təşviq edən Əmanət və İnvestisiya Birliyinin yaradılması səylərinin tərkib hissəsidir. Gözləntilərə görə, daha inteqrasiya olunmuş kapital bazarları şirkətlərin maliyyələşmə xərclərini azalda, investorların seçim imkanlarını genişləndirə və Aİ iqtisadiyyatına investisiya axınını gücləndirə bilər.