Bakıda ödənişli yollar: Tıxacla mübarizədə yeni nəqliyyat siyasəti
Məqsəd nəqliyyat sıxlığını azaltmaq və avtomobillərdən istifadəni tənzimləməkdir.

Bakının mərkəzi ərazilərində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyətlər tədricən genişlənir. Artıq İçərişəhərdə sakin olmayan sürücülər əraziyə daxil olduqda ilk 15 dəqiqə üçün 3 manat ödəməlidirlər.
Xaqani bağı ətrafında da hərəkət qaydaları dəyişib. Əvvəllər yalnız həftəsonları tətbiq edilən məhdudiyyətlər artıq həftənin bütün günlərini əhatə edir.
Görünən odur ki, paytaxtda avtomobillərin hərəkətinin ödəniş əsasında tənzimlənməsi daha geniş ərazilərə yayıla bilər. Yeni yanaşma çərçivəsində sürücülərdən avtomobillərini park etməsələr belə, müəyyən zonalara daxil olduqları üçün ödəniş alınması nəzərdə tutulur.
Qanunvericiliyə təklif olunan dəyişikliklərə görə, ödənişli zonaların əhatə dairəsi və giriş tarifləri səlahiyyətli qurum tərəfindən müəyyən ediləcək.
Hələlik konkret ərazilərin siyahısı açıqlanmayıb. Bununla belə, ekspert Elnur Fərzəliyev mümkün zonalardan biri kimi Yasamal rayonunda yerləşən keçmiş “Sovetski” ərazisini qeyd edib.
Ekspert bildirir ki, bu model dünyanın bir sıra böyük şəhərlərində tətbiq olunur. Məsələn, Londonda şəhər mərkəzindəki ödənişli zonaya müəyyən saatlarda avtomobillə daxil olmağın gündəlik haqqı 18 funt sterlinqdir. Digər şəhərlərdə isə müəyyən küçələrə daxil olan minik avtomobillərindən gündəlik birdəfəlik ödəniş tutulur.
Təklif olunan mexanizmə əsasən, ödənişli zonalara girişdən əldə edilən gəlirlər dövlət büdcəsinə köçürüləcək.
Yeni sistemin Bakının hansı ərazilərində və nə vaxt tətbiq ediləcəyi, eləcə də giriş tariflərinin nə qədər olacağı hələlik məlum deyil.