Çin və Aİ ticarət balanssızlığını aradan qaldırmaq üçün danışıqları davam etdirir
Çin və Avropa İttifaqı (Aİ) arasında artan ticarət balanssızlığının yaratdığı gərginliyi azaltmaq məqsədilə keçirilən ikigünlük danışıqlar başa çatıb.

Çin və Avropa İttifaqı (Aİ) arasında artan ticarət balanssızlığının yaratdığı gərginliyi azaltmaq məqsədilə keçirilən ikigünlük danışıqlar başa çatıb.
Associated Press (AP) xəbər verir ki, Aİ-nin ticarət məsələləri üzrə komissarı Maroş Şefçoviç Pekinə səfəri zamanı Çinlə ittifaqa üzv 27 ölkə arasında ticarət əlaqələrinin yenidən balanslaşdırılmasının vacibliyini vurğulayıb.
Bununla belə, tərəflərin Çinin ötən il 360 milyard avroya (410 milyard dollar) çatan ticarət profisitinin əsas səbəblərinin aradan qaldırılması istiqamətində razılığa gəlib-gəlməyəcəyi hələlik məlum deyil.
Danışıqlar zamanı Çin ABŞ-ın tələbləri əsasında milli təhlükəsizlik səbəbilə tətbiq edilən məhdudiyyətlərə də etiraz edib. Pekin Aİ-ni qabaqcıl kompüter çiplərinin istehsalında istifadə olunan avadanlıqların Çinə ixracına maneələrin aradan qaldırılmasına çağırıb.
Şefçoviç bildirib ki, bu həftə keçirilən görüşlər üç aylıq intensiv müzakirələrin yekunu olub. O, ticarət balansının yaxşılaşdırılması istiqamətində konkret nəticələrin əldə edilməsi üçün oktyabr ayını son tarix kimi müəyyənləşdirib.
Çin Ticarət Nazirliyi isə həftənin əvvəlində Aİ-ni proteksionist tədbirlərdən çəkinməyə çağırıb və bu cür addımların əks nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Son aylarda tərəflər arasında ticarət gərginliyi daha da artıb. Aİ Çin istehsalı olan elektrik avtomobillərinə və onların batareyalarına, eləcə də polad məhsullarına qarşı məhdudlaşdırıcı tədbirlər görüb. İttifaq, həmçinin əsasən Çin şirkətlərinin fəaliyyətinə təsir edən kiçik bağlamaların rüsumsuz idxalına dair qaydaları sərtləşdirməyə çalışır.
Öz növbəsində, Çin ötən həftə Aİ-dən p-nitrotoluol idxalına qarşı antidempinq araşdırmasına başlayıb. Sözügedən kimyəvi birləşmədən boya və əczaçılıq məhsullarının istehsalında istifadə olunur.
Çinin ixracının artması Avropada yerli istehsalçıların rəqabət qabiliyyəti ilə bağlı narahatlıqları da gücləndirib. Bəzi müşahidəçilərin “Çin şoku 2.0” adlandırdığı bu vəziyyət Pekinin Avropa və digər bazarlara ixracının genişlənməsi ilə əlaqələndirilir. ABŞ-ın, xüsusilə Prezident Donald Trampın yenidən hakimiyyətə qayıtmasından sonra, Çin mallarına qarşı tarifləri artırması da qlobal ticarət münasibətlərinə təsir göstərib.
Məlumata görə, Çinin qlobal ticarət profisiti 2025-ci ildə rekord həddə — 1,2 trilyon dollara çatıb. Bu il də göstəricinin 1 trilyon dolları ötəcəyi proqnozlaşdırılır.
Aİ statistikasına əsasən, cari ilin aprel-iyul dövründə ittifaqın Çinlə ticarət kəsiri 103,34 milyard avroya (təxminən 116 milyard dollar) yüksəlib. Həmin dövrdə Çindən idxal 153,63 milyard avro, Çinə ixrac isə 50,3 milyard avro təşkil edib.
Tərəflər arasında danışıqların əsas məqsədi ticarət əlaqələrindəki disbalansın azaldılması və qarşılıqlı iqtisadi münasibətlərdə gərginliyin yumşaldılmasıdır.