Depozit bazarında yeni mərhələ: Vergi güzəştlərinin müddəti başa çatır
2027-ci ildən əmanət faizlərinə vergi yükü artarsa, bankların əmanət cəlb etmək xərcləri yüksələ bilər.

2027-ci ildən fiziki şəxslərin manat əmanətləri üzrə faiz gəlirlərinə tətbiq edilən vergi güzəştlərinin müddəti uzadılmasa, əmanətçilərin vergi yükü arta bilər. Hazırda milli valyutada yerləşdirilən depozitlər üzrə aylıq faiz gəlirinin 200 manatadək hissəsi vergidən azaddır. Bundan əlavə, 18 ay və daha uzun müddətə yerləşdirilən əmanətlərin faiz gəlirləri tam vergidən azad edilir. Lakin bu güzəştin müddəti 2026-cı ilin sonunda başa çatır.
Güzəşt uzadılmadığı təqdirdə, 2027-ci il yanvarın 1-dən uzunmüddətli manat əmanətlərinin faiz gəlirlərinin 200 manatı aşan hissəsindən 10% vergi tutulacaq. Məsələn, aylıq faiz gəliri 500 manat olan əmanətçi 30 manat, 1 000 manat gəlir əldə edən şəxs isə 80 manat vergi ödəyəcək. Deputat Vüqar Bayramov güzəştin daha 3 il uzadılmasını təklif etsə də, hazırkı dəyişikliklər paketində belə bir müddəa nəzərdə tutulmayıb.
Bank sektorunda mövcud vəziyyət isə əmanət faizlərinin artmasından daha çox sabit qalacağına işarə edir. 2026-cı il sentyabrın 1-nə əmanətlərin ümumi həcmi 18,2 milyard manata çatıb. Son 20 ayda bu göstərici 24%-dən çox artıb. Eyni zamanda, bankların manat depozitləri üzrə təklif etdiyi faizlər əsasən 8-10% aralığındadır.
Vergi güzəştlərinin başa çatması əmanətçilərin xalis gəlirini azalda və onların banklardakı vəsaitlərini yenidən nəzərdən keçirməsinə səbəb ola bilər. Bununla belə, bank sektorunda likvidliyin yüksək olması yaxın dövrdə depozit faizlərinin kəskin artımını zəruri etmir. Əsas risk əmanətlərin azalması nəticəsində bankların maliyyələşmə xərclərinin yüksəlməsi və bunun kredit faizlərinə təsir göstərməsidir.
Məsələnin yekun həlli Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin qəbulundan asılı olacaq.