Hollandiya qızıl ehtiyatlarını Londona köçürür!
Mart və avqust ayları arasında Nyu-York və Ottavadan Londona təxminən 86 ton qızıl köçürülüb.

Hollandiya Mərkəzi Bankı qızıl ehtiyatlarının saxlanma yerlərini dəyişdirir. Mart və avqust ayları arasında Nyu-York və Ottavadan Londona təxminən 86 ton qızıl köçürülüb. Bununla da London Hollandiyanın ümumi qızıl ehtiyatlarının ən böyük saxlanma məntəqəsinə çevrilib. Mərkəzi Bankın sədri Olaf Sleijpen bildirib ki, qızılın Londona köçürülməsi ehtiyatların likvidliyini və ticarət imkanlarını artıracaq. Bank bu addımla mümkün böhranlara qarşı hazırlığını gücləndirməyi hədəfləyir.
London dünyanın ən likvid qızıl bazarlarından biri hesab olunur. Burada mərkəzi banklar ehtiyatlarını daha asan sata, yeni qızıl ala və ya dollar likvidliyi əldə etmək üçün qızılı girov kimi istifadə edə bilirlər.
Hollandiyanın bu qərarı Avropada qızıl ehtiyatlarının yenidən yerləşdirilməsi tendensiyasını da gücləndirir. Bundan əvvəl Fransa da ABŞ-da saxladığı qızıl ehtiyatlarının bir hissəsini sataraq Parisə köçürmüşdü. Bu addımlar geosiyasi qeyri-müəyyənliyin artdığı bir vaxtda mərkəzi bankların ehtiyatlarını daha çevik idarə etməyə çalışdığını göstərir.