İspaniyada güclü yağışlar daşqınlara səbəb olub: 1 nəfər ölüb, 90 nəfər xilas edilib.
İspaniyanın şərqində son iki gündür davam edən güclü yağışlar daşqınlara və ciddi maddi ziyana səbəb olub.

İspaniyanın şərqində son iki gündür davam edən güclü yağışlar daşqınlara və ciddi maddi ziyana səbəb olub.
Albasete əyalətinin Madrigueras rayonunda 102 yaşlı qadın evinin su altında qalması nəticəsində həyatını itirib. Yerli hakimiyyət orqanları və jandarma rəsmilərinin məlumatına görə, evdə suyun səviyyəsi təxminən bir metrə çatıb.
Daşqınlar nəticəsində ərazidə çətin vəziyyətdə qalan 90 nəfər isə xilas edilib.
Güclü yağışlar əsasən Valensiya, Kataloniya və Kastiliya-La-Mança bölgələrinə təsir edib. Bəzi ərazilərdə hər kvadratmetr üçün yağıntının miqdarı 200 kiloqrama qədər yüksəlib.
Ən çox zərər çəkən ərazilərdən biri Albasete şəhərinin Madrigueras rayonu olub. Daşqınlar yaşayış məntəqələrində nəqliyyatın hərəkətinə də ciddi təsir göstərib.
Valensiya bölgəsində güclü yağışlar səbəbindən məktəblərdə dərslər dayandırılıb. Nəticədə 400 mindən çox şagird təhsil müəssisələrinə gedə bilməyib.
Yağıntılar nəqliyyat infrastrukturunda da problemlərə səbəb olub. Bir sıra yollar bağlanıb, qatar xidmətlərində isə fasilələr yaranıb.
Səlahiyyətli qurumlar yağışların təsirinə məruz qalan ərazilərdə vəziyyəti nəzarətdə saxlayır və xilasetmə işlərini davam etdirirlər.