Meta kamerasız ağıllı eynək modelini təqdim edib!
Yeni model əvvəlki ağıllı eynəklərdən kamerasının olmaması ilə fərqlənir.

Meta Connect 2026 tədbirində kamerasız ağıllı eynək modeli Ray-Ban Meta Audio nu təqdim edib. Yeni model əvvəlki ağıllı eynəklərdən kamerasının olmaması ilə fərqlənir. Şirkət bu yanaşmanın istifadəçilərin məxfiliklə bağlı narahatlıqlarını azaltmağa kömək edəcəyini bildirir. EssilorLuxottica ilə əməkdaşlıq çərçivəsində hazırlanan eynək 43 qram ağırlığındadır. Model tənzimlənən gicgah ucları və dəyişdirilə bilən burun yastıqları ilə təchiz olunub. Ray-Ban Meta Audio 23 rəng və linza kombinasiyasında, həmçinin reseptli linzalarla təqdim ediləcək.
Eynək vasitəsilə musiqi və podkast dinləmək, telefon zəngləri etmək və səsli tərcümədən istifadə etmək mümkündür. Batareya bir şarjla 12 saata qədər işləyir, daşınma çantası ilə bu müddət 48 saata çatır.
Modeldə Meta-nın süni intellekt köməkçisi Muse də yer alır. İstifadəçilər Muse ilə səs vasitəsilə qarşılıqlı əlaqə qura biləcəklər. Ray-Ban Meta Audio-nun qiyməti 349 dollar təşkil edir.