Meta-ya 25 milyard dollarlıq cərimə tətbiq olunub
Qərar sentyabr ayında münsiflər heyətinin Meta-nı ştatın istehlakçı hüquqlarının müdafiəsi qanunlarını pozmaqda təqsirli bilməsindən sonra qəbul edilib.

ABŞ-ın Nyu-Meksiko ştatında məhkəmə Meta şirkətinə istifadəçilərin məxfiliyi və məzmunun moderasiyası ilə bağlı yanlış məlumat verdiyinə görə 25 milyard dollar cərimə ödəməyi tapşırıb.
Qərar sentyabr ayında münsiflər heyətinin Meta-nı ştatın istehlakçı hüquqlarının müdafiəsi qanunlarını pozmaqda təqsirli bilməsindən sonra qəbul edilib.
Nyu-Meksikonun baş prokuroru Raul Torrez bildirib ki, bu qərar Silikon Vadisindəki texnologiya şirkətlərinə aydın mesaj verməlidir. Onun sözlərinə görə, cərimədən əldə ediləcək vəsait ştatda məktəblərin tikintisi və təhsil xərclərinin maliyyələşdirilməsi üçün istifadə oluna bilər. Bununla belə, Meta-nın qərardan apellyasiya şikayəti verməsi gözlənilir.
İddia Facebook istifadəçilərinin məlumatlarının icazəsiz toplanması ilə bağlı qalmaqala əsaslanır. Təxminən 87 milyon istifadəçinin məlumatları şəxsiyyət testi tətbiqi vasitəsilə əldə edilib və siyasi konsaltinq şirkəti Cambridge Analytica-ya ötürülüb.
2016-cı ildə Kembric Universitetinin tədqiqatçısı Aleksandr Koqan həmin tətbiq vasitəsilə toplanan məlumatları Cambridge Analytica-ya satıb. Sonradan yayılan məlumatlara görə, şirkət bu məlumatlardan Donald Trampın 2016-cı il ABŞ prezident seçkiləri kampaniyasında istifadə edib.
Qalmaqal ictimaiyyətə məlum olduqdan sonra Facebook-un baş direktoru Mark Zuckerberg ABŞ Senatında ifadə verib. Hadisə texnologiya şirkətlərinin istifadəçi məlumatlarını necə toplaması və qoruması ilə bağlı müzakirələri gücləndirib.