Süni intellektə yatırımlar trilyonları keçə bilər!
Proqnoza görə, xərclərin ən böyük hissəsi ABŞ-ın payına düşəcək.

“PwC (PricewaterhouseCoopers) şirkətinin hesabatına görə, süni intellektin inkişafı və tətbiqinin sürətlənməsi məlumat mərkəzlərinə yatırımları kəskin artıra bilər. Şirkətin hesablamalarına əsasən, AI gözləniləndən daha sürətlə inkişaf edərsə, məlumat mərkəzlərinə qlobal xərclər növbəti 25 il ərzində 50 trilyon dollara çata bilər. Bu məbləğ ABŞ-ın təxminən 30 trilyon dollarlıq ÜDM-inə yaxındır. Proqnoza görə, xərclərin ən böyük hissəsi ABŞ-ın payına düşəcək. Ölkədə məlumat mərkəzlərinə təxminən 15,1 trilyon dollar investisiya qoyula bilər. Asiya-Sakit Okean regionu 8,2 trilyon dollar, Avropa 5,6 trilyon dollar, Yaxın Şərq 1,1 trilyon dollar, Afrika isə 255 milyard dollarla növbəti yerlərdə olacaq.
PwC bildirir ki, məlumat mərkəzlərinə investisiyalar 2050-ci ilə qədər artmaqda davam edəcək. Bunun əsas səbəblərindən biri serverlər, çiplər, yaddaş sistemləri və digər avadanlıqların mütəmadi yenilənməsinə ehtiyacın olmasıdır. Şirkətə görə, bu investisiyaların həyata keçirilməsində ən vacib amil enerji təminatıdır. Məlumat mərkəzlərinin fəaliyyəti üçün etibarlı, əlçatan və mümkün qədər az karbonlu elektrik enerjisinə çıxış böyük əhəmiyyət daşıyır. Enerji imkanları məhdud olan ölkələrdə isə investisiyaların cəlb edilməsi daha çətin ola bilər. PwC-nin hesablamalarına görə, qlobal məlumat mərkəzi xərcləri 2026-cı ildə təxminən 800 milyard dollardan 2030-cu ildə 1,1 trilyon dollara, 2050-ci ildə isə 1,8 trilyon dollara yüksələ bilər. Çin və Hindistanın da böyük əhali və sürətlə inkişaf edən rəqəmsal iqtisadiyyatları səbəbindən bu artımda mühüm rol oynayacağı gözlənilir.