2030-cu il enerji səmərəliliyi hədəfinə çatmaq üçün temp 5,6 faizə yüksəlməlidir.
2030-cu il enerji səmərəliliyi hədəfinə çatmaq üçün qlobal enerji intensivliyinin yaxşılaşma tempi 2026–2030-cu illərdə illik orta hesabla 5,6 faizə yüksəldilməlidir.

2030-cu il enerji səmərəliliyi hədəfinə çatmaq üçün qlobal enerji intensivliyinin yaxşılaşma tempi 2026–2030-cu illərdə illik orta hesabla 5,6 faizə yüksəldilməlidir.
Anadolu Agentliyinin məlumatına görə , bu göstəricilər Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA), COP31 sədrliyi və Qlobal Bərpa Olunan Enerji Alyansının (GRA) hazırladığı hesabatda yer alıb.
Hesabata görə, 2025-ci ildə enerji intensivliyi cəmi 1,7 faiz yaxşılaşıb. Bu göstərici 2030-cu il üçün nəzərdə tutulan illik 4 faizlik tempdən aşağıdır.
Mövcud fərqi aradan qaldırmaq üçün enerji səmərəliliyinə yatırımların artırılması tələb olunur. 2025-ci ildə bu sahəyə dünyada 369 milyard dollar investisiya qoyulub. Hesabatda 2026–2030-cu illərdə illik investisiyanın orta hesabla 3,2 trilyon dollara çatdırılmasının vacibliyi vurğulanır.
Hesabatda elektrikləşdirmənin enerji səmərəliliyinin artırılmasında mühüm rol oynadığı bildirilir. Elektrikli avtomobillər və istilik nasosları ənənəvi fosil yanacaq texnologiyaları ilə müqayisədə daha səmərəli hesab olunur.
Son enerji istehlakında elektrik enerjisinin payının 2023-cü ildəki 23 faizdən 2030-cu ildə 30 faizə yüksəldilməsi hədəflənir. COP31 çərçivəsində 2035-ci il üçün bu göstəricinin 35 faizə çatdırılması nəzərdə tutulur.
IRENA-nın məlumatına görə, elektriklə işləyən istilik nasosları ənənəvi qazanlarla müqayisədə 300–400 faiz, elektrikli avtomobillər isə daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə 60–80 faiz daha səmərəli ola bilər.
Hesabata əsasən, 2024-cü ildə təxminən 57 milyon olan elektrikli və şarj edilə bilən hibrid minik avtomobillərinin sayının 2030-cu ildə 360 milyona çatdırılması lazımdır.
Bu halda elektrikli avtomobillər 2030-cu ildə dünya üzrə avtomobil parkının təxminən 20 faizini təşkil edə bilər.
Hesabatda enerji səmərəliliyinin artırılması üçün şarj infrastrukturunun genişləndirilməsi, ictimai nəqliyyatın inkişafı, enerji səmərəliliyi standartlarının gücləndirilməsi və binaların yenilənməsi kimi tədbirlərin də vacib olduğu qeyd edilir.
Təhlil edilən 120 milli iqlim planının 90 faizində enerji səmərəliliyinə yer verilsə də, yalnız 43 faizində ölçülə bilən enerji səmərəliliyi hədəfləri müəyyən edilib.