TÜME süni intellektlə işləyən muxtar kənd təsərrüfatı maşını hazırlayıb
Türkiyənin Kənd Təsərrüfatı Texnologiyaları Klasteri (TÜME) süni intellektlə işləyən muxtar kənd təsərrüfatı maşını hazırlayıb.

Türkiyənin Kənd Təsərrüfatı Texnologiyaları Klasteri (TÜME) süni intellektlə işləyən muxtar kənd təsərrüfatı maşını hazırlayıb.
Muxtar platforma müxtəlif kənd təsərrüfatı işlərində, xüsusilə istixanalarda pestisidlərin çilənməsi prosesində istifadə üçün nəzərdə tutulub. Texnologiya TEKNOFEST-in Cənub-Şərqi Anadolu mərhələsində nümayiş etdirilir.
Anadolu Agentliyinin (AA) Qlobal Kommunikasiya Tərəfdaşlığını həyata keçirdiyi, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və T3 Vəqfinin təşkilatçılığı ilə keçirilən TEKNOFEST Şanlıurfa GAP Hava Limanında ziyarətçilərə təqdim olunur.
TÜME-nin tədbir çərçivəsində nümayiş etdirdiyi muxtar platforma insan müdaxiləsi olmadan hərəkət edə, ətraf mühiti sensorlar vasitəsilə qavraya və süni intellekt əsaslı görüntü emalı texnologiyasından istifadə etməklə müxtəlif tapşırıqları yerinə yetirə bilir.
TÜME nümayəndəsi Mehmet Fatih Özay AA-ya açıqlamasında bildirib ki, məqsəd muxtar texnologiyalardan istifadə etməklə kənd təsərrüfatında əmək və resurs xərclərini azaltmaqdır.
Onun sözlərinə görə, platforma süni intellektlə dəstəklənən muxtar sistemə malikdir və öz hərəkətini, hesablamalarını və müəyyən qərarları müstəqil şəkildə həyata keçirə bilir.
Özay istixanalarda pestisidlərin çilənməsinin əmək və xərc tələb edən proses olduğunu qeyd edib. O bildirib ki, hazırlanan sistem bu sahədə muxtar həll təqdim etməyə imkan verir.
Platformanın müxtəlif funksiyalarla təchiz oluna bildiyini deyən Özay əlavə edib ki, kameralar və görüntü emalı texnologiyası vasitəsilə bitkilərin vəziyyətini və inkişafını izləmək mümkündür.
Onun sözlərinə görə, sistemə robot qolunun əlavə edilməsi ilə məhsul yığımı da həyata keçirilə bilər. Həmçinin məhsulların platformaya yerləşdirilən qutular və digər avadanlıqlar vasitəsilə daşınması mümkündür.
Özay bildirib ki, platformadan heyvandarlıq sahəsində də istifadə oluna bilər. Müxtəlif əlavələr vasitəsilə qurğu yem və ya buzov daşıyan nəqliyyat vasitəsinə uyğunlaşdırıla bilər.
Platforma işini tamamladıqdan sonra doldurma stansiyasına qayıdır
Robot mühəndisi Əli Altın bildirib ki, hazırlanan muxtar qurğu əsasən istixanalarda pestisidlərin çilənməsi üçün nəzərdə tutulub.
Onun sözlərinə görə, istixanalarda dronlardan istifadə imkanları məhdud olduğundan, kamera və sensorlarla təchiz edilmiş muxtar sistem hazırlanıb.
Altın qeyd edib ki, platformanın ön hissəsində yerləşdirilən kamera görüntülərin analizinə imkan verir. Sistem mobil tətbiq vasitəsilə də idarə oluna bilər.
O bildirib ki, istifadəçi sistemin nə vaxt və hansı tezliklə işləyəcəyini müəyyən edə bilər. Məsələn, çiləmə prosesinin hər üç saatdan bir həyata keçirilməsi üçün proqramlaşdırma aparmaq mümkündür.
Elektronika və Mexanika Tədqiqat və İnkişaf şöbəsinin əməkdaşı Barış Şen isə platformanın mümkün qədər çox funksiyada istifadə edilə bilən universal sistem kimi hazırlanmasına çalışdıqlarını bildirib.
Şenin sözlərinə görə, muxtar nəqliyyat vasitəsinin proqram təminatının hazırlanması təxminən 2-2,5 ay, ilk prototipin mexaniki dizaynının hazırlanması isə təxminən bir ay davam edib.
O əlavə edib ki, bütün komandanın birgə fəaliyyəti nəticəsində platformanın hazırlanması qısa müddətdə tamamlanıb.