ABŞ-da inflyasiya son 5 ayın ən yüksək səviyyəsinə çatdı
İnflyasiyanın yüksəlməsində müharibənin enerji və digər məhsulların qiymətlərinə təsiri mühüm rol oynayır.

ABŞ-da inflyasiya yenidən sürətlənib. İstehlak qiymətləri sentyabr ayında əvvəlki ayla müqayisədə 0,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,7% artıb. Bu, son beş ayın ən yüksək illik inflyasiya göstəricisidir.
İqtisadçılar illik inflyasiyanın 3,6% olacağını proqnozlaşdırırdılar. Lakin açıqlanan nəticələr gözləntiləri üstələyib. Ərzaq və enerji qiymətləri nəzərə alınmadan hesablanan əsas inflyasiya da aylıq 0,3%, illik isə 2,6% artıb.
Müqayisə üçün, avqust ayında inflyasiya aylıq 0,4%, illik isə 3,4% təşkil etmişdi. Bu göstəricilər ABŞ-da qiymət artımının yenidən gücləndiyini göstərir.
İnflyasiyanın yüksəlməsində müharibənin enerji və digər məhsulların qiymətlərinə təsiri mühüm rol oynayır. Benzin, dizel və digər malların bahalaşması həm əhalinin gündəlik xərclərini artırır, həm də iqtisadiyyata əlavə təzyiq yaradır.
Artan inflyasiya ABŞ Federal Ehtiyat Sisteminin (Fed) faiz dərəcələri ilə bağlı qərarlarına da təsir göstərə bilər. İnflyasiyanın qarşısını almaq üçün faizlərin yenidən artırılması ehtimalı gündəmdədir.
Bu məlumatlar Fed-in 27–28 oktyabr tarixlərində keçiriləcək iclasından əvvəl açıqlanan son inflyasiya göstəriciləridir. Qiymət artımı həm iqtisadi siyasət, həm də ABŞ-da keçiriləcək aralıq seçkilər ərəfəsində seçicilər üçün əsas məsələlərdən biri olaraq qalır.