Aİ UniCredit-in Commerzbank-ı satın almasına icazə verdi
Avropa Komissiyası əqdin rəqabətə əlavə risk yaratmadığı qənaətinə gəlib. Brüssel bunu Avropa bank sektorunun gücləndirilməsi istiqamətində addım hesab edir.

Avropa Komissiyası əqdin rəqabətə əlavə risk yaratmadığı qənaətinə gəlib. Brüssel bunu Avropa bank sektorunun gücləndirilməsi istiqamətində addım hesab edir.
Avropa İttifaqı (Aİ) bazar ertəsi günü İtaliyanın UniCredit bankının Almaniyanın Commerzbank-ını satın almasına razılıq verib. Sərhədlərarası bu əqd blokun bank sektorunu gücləndirmək cəhdlərinin tərkib hissəsi kimi qiymətləndirilir.
Aİ-nin güclü rəqabət tənzimləyicisi olan Avropa Komissiyası müqavilənin rəqabətlə bağlı narahatlıq yaratmayacağına qərar verdikdən sonra satınalmanı təsdiqləyib. Bundan əvvəl Avropa Mərkəzi Bankı da UniCredit-in düşməncəsinə ələ keçirmə təşəbbüsünə razılıq vermişdi.
“Avropanın daha güclü banklara ehtiyacı var”
Aİ-nin rəqabət üzrə komissarı Tereza Ribera açıqlamasında bildirib ki, Avropanın biznesi və ailələri dəstəkləyə biləcək, rəqabət apara və böyüyə bilən daha güclü banklara ehtiyacı var.
“Sərhədlərarası birləşmələr bunun baş verməsinə kömək edə bilər, bankların daha səmərəli fəaliyyət göstərməsinə və iqtisadi şoklara daha yaxşı tab gətirməsinə imkan verə bilər”, - o deyib.
Ribera əlavə edib ki, UniCredit-in Commerzbank-ı satın almasına icazə verilməsi rəqabəti və seçim imkanlarını qoruyarkən daha güclü Avropa bank sektorunu dəstəkləməyin mümkün olduğunu göstərir.
Aİ hesab edir ki, bank sektorunun daha yaxşı inteqrasiyası blokun ABŞ kreditorları ilə ayaqlaşmasına və rəqabət qabiliyyətini artırmasına kömək edəcək. Brüssel “Avropa çempionları” yaratmağa çalışdığı bir vaxtda bu il şirkətlərin birləşməsi ilə bağlı qaydaları yenidən nəzərdən keçirmək planlarını da açıqlayıb.
Berlinin müqavimətinə baxmayaraq
UniCredit son iki ildir Commerzbank-ı ələ keçirməyə çalışır. Bu, Almaniyada narahatlıq doğurub, çünki Commerzbank ölkədəki kiçik və orta sənaye şirkətləri üçün əsas maliyyələşdirmə mənbələrindən biridir. Berlinin və Alman bankının şiddətli müqavimətinə baxmayaraq, UniCredit Commerzbank-da təxminən 50% pay toplamışdı.