Azərbaycan Avropaya qaz tədarükünü artırır
Ötən il Avropaya 12,8 milyard kubmetr Azərbaycan qazı tədarük edilib. Cari ilin ilk səkkiz ayında bu göstərici artıq 7 milyard kubmetri ötüb.

Ötən il Avropaya 12,8 milyard kubmetr Azərbaycan qazı tədarük edilib. Cari ilin ilk səkkiz ayında bu göstərici artıq 7 milyard kubmetri ötüb.
Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında Yüksək Səviyyəli Enerji Dialoqunun IV iclası keçirilib. İclasa energetika naziri Pərviz Şahbazov və Aİ-nin enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen rəhbərlik edib.
Tərəflər enerji əməkdaşlığının hər iki tərəf üçün strateji əhəmiyyət daşıdığını vurğulayıblar. Azərbaycanın qaz ixracının təxminən yarısı Avropaya yönəldilir. Bu il qazın ilk dəfə Almaniya və Avstriyaya tədarükünə başlanıb, nəticədə Azərbaycan qazı alan Aİ ölkələrinin sayı 10-a çatıb.
Qaz hasilatının artırılması üçün “Şahdəniz Kompressiya”, AÇG-nin qeyri-səmt qazı və “Abşeron” yatağının tammiqyaslı işlənməsi kimi layihələr icra olunur. Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürmə qabiliyyətinin genişləndirilməsinin ilkin mərhələsi həyata keçirilib. Azərbaycanın xam neft ixracının təxminən 80 faizi də Avropa bazarına yönəldilir.
İclasda bərpaolunan enerji də müzakirə olunub. Azərbaycan Xəzərdə dəniz küləyi, quruda isə Günəş enerjisi potensialına malikdir. Bu enerjinin “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə Avropaya çatdırılması imkanlarına baxılıb. Layihəyə Ortaq Maraqlar Layihəsi (PMI) statusunun verilməsinin vacibliyi qeyd olunub.
Azərbaycan ilə Aİ arasında enerji dialoqu 2022-ci ildən keçirilir.