Meloni: Artan inflyasiya Aİ ölkələrini milyardlarla əlavə xərcə məcbur edir
İtaliyanın Baş naziri Giorgia Meloni Avropada yüksək inflyasiyanın milli büdcələrə ciddi təzyiq yaratdığını və hökumətləri əvvəlcədən nəzərdə tutulandan daha çox vəsait xərcləməyə məcbur etdiyini bildirib.

İtaliyanın Baş naziri Giorgia Meloni Avropada yüksək inflyasiyanın milli büdcələrə ciddi təzyiq yaratdığını və hökumətləri əvvəlcədən nəzərdə tutulandan daha çox vəsait xərcləməyə məcbur etdiyini bildirib.
Meloni bu barədə Aİ-nin doqquz Aralıq dənizi ölkəsinin iştirak etdiyi MED-9 sammitindən sonra Xorvatiyanın Split şəhərində keçirilən mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, son illərdə inflyasiyanın gözləniləndən yüksək olması Aİ üzv ölkələrinin sosial və digər büdcə xərclərinin avtomatik artmasına səbəb olur.
“Yüksək inflyasiya milli büdcələrə təsir göstərir. Bu gün inflyasiya üç il əvvəl planlaşdırıldığı kimi 1,8 faiz deyil, daha yüksəkdir. Bu isə, hesab edirəm ki, bütün Aİ üzv dövlətləri üçün xərclərin avtomatik artımı deməkdir”, – Meloni deyib.
İtaliya Baş naziri ölkənin qanunvericiliyində inflyasiyanın təsirlərini nəzərə alan avtomatik mexanizmlərin mövcud olduğunu vurğulayıb. Xüsusilə pensiyalar və sosial müavinətlərin məbləğlərinin inflyasiyaya uyğunlaşdırılması dövlət büdcəsinə əlavə yük yaradır.
Meloni qeyd edib ki, hökumət “milyardlarla” əlavə vəsait xərcləməli olacaq və bu, onun şəxsi təşəbbüsündən irəli gəlmir. Baş nazir belə vəziyyətdə Avropa İttifaqının büdcə qaydalarının tətbiqində daha çox çeviklik nümayiş etdirməsinin vacib olduğunu bildirib.
İtaliya mətbuatının məlumatına görə, Romanın bu tələbinə ümumilikdə 18 ölkə dəstək verib. Məsələ Splitdə keçirilən MED-9 sammitində, eləcə də bir gün əvvəl Almaniyanın da daxil olduğu digər Avropa ölkələrinin nümayəndələri ilə müzakirə olunub.
Enerji qiymətlərinin artması Avropada inflyasiya təzyiqlərini daha da gücləndirib. İtaliyada sentyabr ayında illik inflyasiya 4,2 faizə yüksələrək son üç ilin ən yüksək göstəricisinə çatıb. Avqust ayında bu göstərici 3,3 faiz təşkil edib.
Qiymət artımının xüsusilə enerji və yanacaq xərclərində özünü göstərməsi İtaliya hökumətini istehlakçıların yükünü azaltmaq üçün əlavə tədbirlər görməyə vadar edib.
Roma artan yanacaq qiymətlərinin əhaliyə təsirini məhdudlaşdırmaq məqsədilə aksiz vergilərinin azaldılması və bəzi hallarda ləğvi ilə bağlı addımlar atır.
İtaliya hökuməti hesab edir ki, inflyasiyanın sosial ödənişlər və digər avtomatik büdcə mexanizmləri vasitəsilə dövlət xərclərini artırması Aİ-nin maliyyə qaydalarında daha çevik yanaşmaya ehtiyac yaradır.