Bank kartları ilə dələduzluq: 3 ayda 2 milyon manatlıq əməliyyat
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, əməliyyatların 1 milyon 635 min 257 manatı ölkədaxili, 376 min 293 manatı isə ölkəxarici ödəniş şəbəkələrinin payına düşüb.

2026-cı ilin üçüncü rübündə (iyul-sentyabr) Azərbaycanda banklara məxsus ödəniş kartları ilə həyata keçirilən fırıldaqçılıq əməliyyatlarının ümumi məbləği 2 milyon 11 min 550 manat təşkil edib. Bu, ikinci rüblə müqayisədə 647 min 601 manat və ya 47,49% artım deməkdir.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, əməliyyatların 1 milyon 635 min 257 manatı ölkədaxili, 376 min 293 manatı isə ölkəxarici ödəniş şəbəkələrinin payına düşüb. Əvvəlki rüblə müqayisədə ölkədaxili fırıldaqçılıq məbləği 52,18%, ölkəxarici əməliyyatlar isə 30,02% artıb.
Hesabat dövründə bank kartları ilə bağlı ümumilikdə 13 min 319 fırıldaqçılıq halı qeydə alınıb. Onlardan 7 min 222-si ölkədaxili, 6 min 97-si isə ölkəxarici ödəniş şəbəkələri üzrə baş verib. İkinci rüblə müqayisədə belə halların sayı təxminən 49% artıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda kart fırıldaqçılığının ümumi həcmi 5 milyon 51 min 326 manata çatıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 74,91% çoxdur. Statistikaya əsasən, üçüncü rübdə ölkədaxili fırıldaqçılıq hallarının 21,8%-i hesabların ələ keçirilməsi ilə bağlı olub.