BVF varlı ölkələri qlobal borc yükünü azaltmağa çağırır
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgieva ABŞ-ı və digər varlı ölkələri artan dövlət borcunu nəzarət altına almağa çağırıb. O bildirib ki, qlobal borc yükü xüsusilə aşağı gəlirli ölkələrə ciddi təsir göstərir və maliyyə sistemində riskləri artırır.

Georgievanın sözlərinə görə, ABŞ-ın 40 trilyon dolları keçən milli borcunu yalnız iqtisadi artım hesabına azaltmaq mümkün deyil. Büdcə kəsirinin aşağı salınması və maliyyə intizamının gücləndirilməsi vacibdir.
BVF-nin məlumatına görə, yüksək faiz ödənişləri və azalan beynəlxalq yardım kasıb ölkələrin maliyyə imkanlarını məhdudlaşdırır. İnkişaf etməkdə olan ölkələrdə borc üzrə orta faiz xərcləri inkişaf etmiş ölkələrlə müqayisədə üç dəfə çoxdur.
BMT-nin İnkişaf Proqramının rəhbəri Aleksandr De Kru bildirib ki, artan borclanma xərcləri, enerji və gübrə qiymətləri bu ölkələrin iqtisadi bərpasını çətinləşdirir. O, iş yerlərinin yaradılması və investisiyaların artırılmasının vacibliyini vurğulayıb.
Bu məqsədlə BMTİP turizm, səhiyyə və qida emalı sahələrinə investisiyaları təşviq edən “Rifah üçün iş yerləri” təşəbbüsünü elan edib. Eyni zamanda, BVF, Tayland Bankı və Dünya Bankı maliyyə fırıldaqçılığı və kibercinayətkarlıqla mübarizə üçün “Banqkok Planı”nı təqdim ediblər.