BMT dünyada yoxsulluğun artması ilə bağlı xəbərdarlıq edib
BMT-nin İnkişaf Proqramı (BMTİP) və Oksford Universitetinin 2026-cı il Qlobal Çoxölçülü Yoxsulluq İndeksinə görə, dünyada 1,2 milyard insan həddindən artıq yoxsulluq şəraitində yaşayır.

BMT-nin İnkişaf Proqramı (BMTİP) və Oksford Universitetinin 2026-cı il Qlobal Çoxölçülü Yoxsulluq İndeksinə görə, dünyada 1,2 milyard insan həddindən artıq yoxsulluq şəraitində yaşayır. Onların 617 milyonu uşaqlardır. Yoxsul əhalinin 83%-i kənd yerlərində məskunlaşıb.
108 inkişaf etməkdə olan ölkəni əhatə edən hesabatda yoxsulluq səhiyyə, təhsil və yaşayış səviyyəsi üzrə 10 göstərici əsasında qiymətləndirilib. Yoxsulluğun artmasına əhali artımı, demoqrafik dəyişikliklər və bəzi ölkələrdə əvvəlki nailiyyətlərin zəifləməsi təsir göstərib.
Bununla belə, Misir, Nepal və Tacikistan yoxsulluğun həm səviyyəsini, həm də əhatə etdiyi insanların sayını azaltmağa nail olub. Esvatinidə yoxsulluq səviyyəsi 15 il ərzində 38,7%-dən 8%-ə düşüb.
BMT 2030-cu ilə qədər yoxsulluğun bütün formalarını ən azı yarıya endirməyi hədəfləyir. Hesabatda vurğulanır ki, qlobal göstəricilərin pisləşməsinə baxmayaraq, məqsədyönlü tədbirlər və ardıcıl siyasət yoxsulluğun azaldılmasında real nəticələr verə bilər.