İlk dəfə Z nəslinin IQ səviyyəsi əvvəlki nəsildən daha aşağı çıxıb
Diqqət müddəti, yaddaş, oxu bacarıqları, riyazi biliklər, problem həll etmə qabiliyyəti və ümumi İQ səviyyəsi daxil olmaqla, bir sıra göstəricilərdə azalma müşahidə olunub.

Araşdırmalara görə, Z nəslinin orta koqnitiv göstəriciləri onlardan əvvəlki Millennial nəslinin göstəricilərindən daha aşağıdır. Diqqət müddəti, yaddaş, oxu bacarıqları, riyazi biliklər, problem həll etmə qabiliyyəti və ümumi İQ səviyyəsi daxil olmaqla, bir sıra göstəricilərdə azalma müşahidə olunub. Məsələni araşdıran neyroalim Cared Kuni Horvatın (Jared Cooney Horvath) fikrincə, bu dəyişiklik təsadüfi deyil. Sözügedən azalma prosesinin başlanğıcı, məktəblərdə rəqəmsal texnologiyaların geniş şəkildə istifadə olunmağa başladığı 2010-cu illərlə üst-üstə düşür. 80 müxtəlif ölkədən əldə edilən məlumatlar da oxşar mənzərəni ortaya qoyur. Araşdırmalar göstərir ki, şagirdlər məktəbdə kompüter qarşısında gündə orta hesabla beş saatdan çox vaxt keçirirlər, lakin bu müddətin təxminən üçdə ikisi bilavasitə tədris prosesi ilə əlaqəsi olmayan fəaliyyətlərə sərf olunur. Bu vəziyyət onu göstərir ki, nəsillər arasında İQ səviyyəsinin davamlı artımını təsvir edən məşhur "Flinn effekti" (Flynn Effect) dayanmış və hətta bəzi bölgələrdə əks istiqamətdə hərəkət etməyə başlamışdır.