Avropa İttifaqı 9 oyun şirkətinə qarşı araşdırma başladıb
Avropa İttifaqı (Aİ) "Candy Crush Saga", "Minecraft" və "Clash of Clans" kimi oyunlarda oyun daxili alış-verişlərin istehlakçı hüquqlarına uyğun olub-olmadığını öyrənmək məqsədilə doqquz oyun şirkətinə qarşı araşdırma başladıb.

Aİ Komissiyasının bəyanatına əsasən, İstifadəçilərin Müdafiəsi üzrə Əməkdaşlıq (CPC) şəbəkəsi oyunçuların hüquqlarını gücləndirmək məqsədilə video-oyun şirkətlərinə qarşı koordinasiyalı araşdırmalara başlayıb. Araşdırmalar zamanı oyundaxili əşyaların və rəqəmsal valyutaların real pul ekvivalentinin aydın şəkildə göstərilib-göstərilmədiyi qiymətləndiriləcək. Satınalmaların faktiki dəyərinin müxtəlif rəqəmsal valyutaların və onlar arasındakı məzənnələrin istifadəsi nəticəsində gizlədilməməsini təmin etmək üçün tədbirlər görüləcək. Araşdırmalar həmçinin oyunçuların oyunda irəliləmək və ya onun funksiyalarından istifadə etmək üçün lazım olduğundan daha çox rəqəmsal valyuta almağa yönləndirilməsi məsələsini də əhatə edəcək.
Araşdırma zamanı şirkətlərin oyunçulara alış-verişdən əvvəl aydın və başa düşülən məlumat verib-vermədiyi, onları 14 günlük müqavilədən imtina hüququ barədə məlumatlandırıb-məlumatlandırmadığı və ədalətli müqavilə şərtləri təklif edib-etmədiyi yoxlanılacaq. Uşaqlar kimi həssas istehlakçı qruplarının zərərli təcrübələrdən qorunmasına yönəlmiş tədbirlər də qiymətləndiriləcək. Araşdırmalar Crytek, InnoGames, King, Mojang, Plarium Europe, PLR Worldwide Sales, Riot Games, Supercell və Ubisoft şirkətlərini əhatə edir. Candy Crush Saga, Minecraft, Clash of Clans, Hunt: Showdown 1896, Forge of Empires, Mech Arena, Gardenscapes, Valorant və For Honor kimi oyunlar da yoxlamaya cəlb olunacaq.