Zuckerberg milyarderlərə tətbiq olunacaq 5%-lik vergiyə hazırlaşır: Meta ilə razılıq əldə olunub
Meta şirkətinin qurucusu Mark Zuckerberg Kaliforniyada milyarderlər üçün təklif olunan sərvət vergisini ödəmək məqsədilə şirkətin idarə heyəti ilə razılığa gəlib. Razılaşma ona şirkətdəki nəzarətini qorumaqla yanaşı, vergi öhdəliklərini qarşılamaq üçün yeni səhm sinfindəki payının bir hissəsini satmağa imkan verəcək.

Meta şirkətinin qurucusu Mark Zuckerberg Kaliforniyada milyarderlər üçün təklif olunan sərvət vergisini ödəmək məqsədilə şirkətin idarə heyəti ilə razılığa gəlib. Razılaşma ona şirkətdəki nəzarətini qorumaqla yanaşı, vergi öhdəliklərini qarşılamaq üçün yeni səhm sinfindəki payının bir hissəsini satmağa imkan verəcək.
Associated Press-in (AP) məlumatına görə, bu barədə şirkətin açıqladığı tənzimləyici sənədlərdə bildirilib.
Vergi Zuckerberg-ə 11 milyard dollardan baha başa gələ bilər. Kaliforniyada təklif olunan qanun layihəsi noyabrın 3-də keçiriləcək səsvermədə qəbul edilərsə, xalis sərvəti 1 milyard dolları ötən şəxslərə birdəfəlik 5 faizlik sərvət vergisi tətbiq olunacaq.
Forbes-in qiymətləndirməsinə əsasən, dünyanın ən varlı şəxslərindən biri olan Mark Zuckerberg-in sərvəti 220 milyard dollardan çoxdur. Təklif olunan verginin onun üçün 11 milyard dollardan artıq öhdəlik yarada biləcəyi bildirilir.
Meta-nın idarə heyəti ilə əldə olunan razılaşmaya əsasən, Zuckerberg şirkətin əsas səhmdarı və nəzarət sahibi olaraq qalacaq. Eyni zamanda, ona səsvermə hüququ olmayan yeni səhm sinfinin bir hissəsini satmaq imkanı veriləcək. Bu addım sərvət vergisi də daxil olmaqla, müxtəlif maliyyə öhdəliklərinin qarşılanmasına kömək edə bilər.
Zuckerberg Kaliforniyada qalmağı öhdəsinə götürüb.Sənədlərə əsasən, Zuckerberg ötən ay təklif olunan vergi ilə əlaqədar Palo Altodakı evini satmağı nəzərdən keçirdiyini idarə heyətinə bildirib. Lakin sonradan şirkətlə razılıq əldə edilib.
Razılaşmaya görə, gözlənilməz və ciddi hallar yaranmadığı təqdirdə, Zuckerberg növbəti səkkiz il ərzində Kaliforniyada yaşamağı öhdəsinə götürüb.
Kaliforniyada bir neçə yüz milyarderin yaşadığı təxmin edilir. Təklif olunan vergi 2026-cı il yanvarın 1-də ştatda əsas yaşayış yeri olan və müəyyən edilmiş sərvət həddini aşan şəxslərə şamil ediləcək.
Vergi gəlirləri səhiyyə və təhsilə yönəldilə bilər. Təklifin tərəfdarları bildirirlər ki, vergi gəlirləri, əsasən, səhiyyə sahəsində federal maliyyələşdirmənin azaldılmasının təsirlərini kompensasiya etmək üçün istifadə olunacaq. Vəsaitlərin 10 faizinin isə təhsil və ərzaq yardımı proqramlarına ayrılması nəzərdə tutulur.
SEIU United Healthcare Workers West həmkarlar ittifaqı və Vermont ştatından olan senator Bernie Sanders təşəbbüsü dəstəkləyənlər arasındadır.
Həmkarlar ittifaqının aparat rəhbəri Syuzan Ximenez Zuckerberg ilə əldə olunan razılaşmanı milyarderlərin Kaliforniyanı tərk edəcəyi barədə iddialara cavab kimi qiymətləndirib.
Bununla belə, təklifə qarşı çıxanlar, o cümlədən Kaliforniya qubernatoru Qevin Nyusom xəbərdarlıq edirlər ki, yeni vergi varlı şəxslərin ştatı tərk etməsinə səbəb ola bilər. Bu isə gələcəkdə büdcə gəlirlərinə mənfi təsir göstərə bilər. Kaliforniyanın vergi daxilolmalarının əhəmiyyətli hissəsi yüksək gəlirli şəxslərdən əldə olunur.
Digər texnologiya milyarderləri fərqli yol seçib. Zuckerberg-dən fərqli olaraq, Google-un həmtəsisçiləri Sergey Brin və Larri Peyc də daxil olmaqla, bəzi texnologiya sahibkarları Kaliforniya ilə əlaqələrini azaltmağa və təklif olunan verginin qarşısını almağa çalışırlar.
Vergiyə qarşı çıxan qüvvələri dəstəkləyən siyasi fəaliyyət komitələrindən biri — Daha Yaxşı Kaliforniya Quruculuğu (Building a Better California) — 333 milyon dollardan çox vəsait toplayıb. Bu məbləğin təxminən 30 faizinin Sergey Brin tərəfindən təmin edildiyi bildirilir.
Müqayisə üçün, vergini dəstəkləyən “Yes on 40” kampaniyası 32,7 milyon dollar vəsait toplayıb.
Meta yeni səhm sinfi vasitəsilə investisiyalarını da genişləndirmək istəyir. Meta-nın sənədlərində qeyd olunur ki, yeni səhm sinfinin yaradılması yalnız Zuckerberg-in mümkün vergi öhdəlikləri ilə bağlı deyil. Bu addım şirkətin süni intellekt infrastrukturuna yatırımlarını maliyyələşdirmək imkanlarını da genişləndirə bilər.
Yeni səhmlərin işçilərin mükafatlandırılması və şirkətin satınalmaları üçün istifadəsi də nəzərdə tutulur.
Zuckerberg 2013-cü ildən bəri Meta-nın baş direktoru kimi illik 1 dollar maaş alır. Şirkətin açıqlamasına görə, o, əlavə əməkhaqqı əldə etməyəcək. Meta bildirib ki, təklif olunan vergi qüvvəyə minərsə, Zuckerberg Kaliforniyada yaşadığı müddətdə şirkətə rəhbərlik etməsi faktiki olaraq ona maliyyə yükü yarada bilər.
Meta-nın baş maliyyə direktoru Syuzan Li isə yeni səhm sinfinin şirkətin maliyyələşdirmə imkanlarını genişləndirəcəyini və süni intellekt sahəsində investisiyalara daha çox çeviklik qazandıracağını bildirib.
Kaliforniyada təklif olunan sərvət vergisi ətrafında müzakirələr həm dünyanın ən varlı şəxslərinin maliyyə qərarlarına, həm də texnologiya şirkətlərinin gələcək investisiya strategiyalarına təsir göstərməkdə davam edir.