Qlobal borc 365,5 trilyon dollara çatıb!
Borc artımının tempi əvvəlki illə müqayisədə zəifləyib.

Beynəlxalq Maliyyə İnstitutunun (IIF) “Qlobal Borc Monitoru” hesabatına görə, dünyada ümumi borcun həcmi 2026-cı ilin ilk yarısında 10 trilyon dollardan çox artaraq 365,5 trilyon dollara çatıb.
Borc artımının tempi əvvəlki illə müqayisədə zəifləyib. 2025-ci ilin eyni dövründə qlobal borc 21 trilyon dollar artmışdı. IIF bu yavaşlamanı yüksək faiz dərəcələri, borclara xidmət xərclərinin artması, enerji qiymətlərinin yüksəlməsi və geosiyasi risklərlə əlaqələndirir.
Qlobal borcun böyük hissəsi dövlət və qeyri-maliyyə şirkətlərinin payına düşüb. 2026-cı ilin ikinci rübündə dövlət borcu 110,5 trilyon dollar, qeyri-maliyyə korporativ borcu 105,1 trilyon dollar, maliyyə sektorunun borcu 84,3 trilyon dollar, ev təsərrüfatlarının borcu isə 65,7 trilyon dollar olub. İnkişaf etməkdə olan ölkələr borc artımında əsas paya sahib olub. Bu ölkələrin ümumi borcu 110,6 trilyon dollara çatıb və artımda Çin önə çıxıb. İnkişaf etmiş bazarlarda isə ümumi borc 255 trilyon dollar təşkil edib. Qlobal borcun ÜDM-ə nisbəti təxminən 310% səviyyəsindədir. Bu göstərici 2021-ci ilin əvvəlindəki pik səviyyədən 25 faiz bəndi aşağıdır. Lakin IIF bildirir ki, bu azalmanın əsas səbəblərindən biri yüksək inflyasiyanın nominal ÜDM-i artırmasıdır. ABŞ, Fransa, Böyük Britaniya və Yaponiya isə böyük büdcə kəsirləri və artan faiz xərcləri ilə üzləşir. G7 ölkələrində dövlət borclanmasının orta xərci 2008-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.