Qlobal neft tədarükü oktyabrda 2,3 milyon barel artıb
Bununla yanaşı, Braziliyada yataqlarda aparılan təmir işləri və ABŞ-da qasırğa səbəbindən qeyri-OPEC+ ölkələrinin hasilatı azalıb.

Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına görə, oktyabr ayında qlobal neft tədarükü əvvəlki ayla müqayisədə gündəlik 2,3 milyon barel artaraq 105,36 milyon barelə çatıb. Bu artım əsasən OPEC+ ölkələrinin hasilatını artırması ilə bağlıdır. Səudiyyə Ərəbistanı və İraqdan tədarükün bərpası, eləcə də Hörmüz boğazından neft axınının artması buna təsir göstərib.
Bununla yanaşı, Braziliyada yataqlarda aparılan təmir işləri və ABŞ-da qasırğa səbəbindən qeyri-OPEC+ ölkələrinin hasilatı azalıb.
BEA qlobal neft tədarükünün bu il gündəlik 101,6 milyon barelə düşəcəyini, gələn il isə 108,1 milyon barelə yüksələcəyini proqnozlaşdırır. Lakin Yaxın Şərqdə enerji infrastrukturu və dəniz nəqliyyatına hücumlar gələcək tədarük üçün risk olaraq qalır.
Tələbatın isə bu il azalacağı, gələn il yenidən artacağı gözlənilir. Proqnoza görə, 2027-ci ildə qlobal neft tələbatı gündəlik 104,3 milyon barelə çatacaq. Artımın əsas hissəsinin maye qaz, etan və nafta kimi məhsullardan qaynaqlanacağı, nəqliyyat yanacaqlarına tələbin isə məhdud artacağı bildirilir.