Rusiyanın xarici ticarət dövriyyəsi 505,5 milyard dollara çatıb!
Rusiya Federal Gömrük Xidmətinin (FTS) açıqladığı məlumatlara görə, ölkənin xarici ticarət dövriyyəsi yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 13,75% artaraq 505,5 milyard dollara çatıb.

Rusiya Federal Gömrük Xidmətinin (FTS) açıqladığı məlumatlara görə, ölkənin xarici ticarət dövriyyəsi yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 13,75% artaraq 505,5 milyard dollara çatıb.
Hesabat dövründə Rusiyanın ixracı 37,8 milyard dollar artaraq 304,2 milyard dollar, idxalı isə 23,3 milyard dollar artaraq 201,3 milyard dollar olub. Nəticədə ölkənin xarici ticarət profisiti 16,4% artaraq 102,9 milyard dollara yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 88,4 milyard dollar təşkil edib.
Rusiyanın əsas ixrac məhsulları minerallar və mineral məhsullar olub. Bu kateqoriya üzrə ixracın həcmi 170,6 milyard dollara çatıb. İdxalda isə 97,7 milyard dollarla maşınlar, avadanlıqlar və nəqliyyat vasitələri üstünlük təşkil edib.
Regional bölgüyə görə, Asiya ölkələri Rusiyanın xarici ticarətində əsas paya sahib olub. Bu ölkələrlə ticarət dövriyyəsi 381,8 milyard dollara çataraq ümumi həcmin 75,5%-ni təşkil edib. Avropa ölkələrinin payı 17,5%, ticarət dövriyyəsi isə 88,4 milyard dollar olub.
Şimali və Cənubi Amerika ölkələri ilə ticarət 18 milyard dollar, Afrika ölkələri ilə ticarət isə 17,2 milyard dollar təşkil edib. Bu regionların Rusiyanın ümumi xarici ticarətindəki payı müvafiq olaraq 3,6% və 3,4% olub.
Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar fonunda Asiya ölkələrinin Rusiyanın xarici ticarətindəki payı artmaqda davam edir.