Azərbaycanda internet bahalaşır!
Aylıq ödənişi 18 manat və ya daha aşağı olan sabit internet tariflərinin 25 manatlıq vahid minimum tarifə keçirilməsi nəzərdə tutulur.

Azərbaycanda oktyabrın 1-dən etibarən sabit internet tariflərində dəyişiklik ediləcək. Aylıq ödənişi 18 manat və ya daha aşağı olan sabit internet tariflərinin 25 manatlıq vahid minimum tarifə keçirilməsi nəzərdə tutulur.
Dəyişiklik yalnız sabit genişzolaqlı internet xidmətlərinə şamil olunacaq. Mobil rabitə və mobil internet paketlərinin tariflərinə isə təsir etməyəcək. Yeni tarif siyasətinin əsas məqsədləri arasında internet tariflərinin vahidləşdirilməsi və telekommunikasiya infrastrukturunun inkişafının sürətləndirilməsi göstərilir.
Dəyişiklik daha aşağı tariflərlə sabit internet xidmətindən istifadə edən minlərlə abonentin aylıq xərclərinə təsir edə bilər. Məsələn, 18 manatlıq tarifdən istifadə edən abonentin aylıq ödənişi 25 manata yüksələrsə, xərc 7 manat və ya təxminən 39% artacaq. Bununla yanaşı, operatorların yeni paketlər çərçivəsində daha yüksək internet sürəti və əlavə xidmətlər təqdim etməsi gözlənilir. Hazırda bəzi alternativ provayderlərdə 18 manat və ya daha aşağı qiymətə fiber-optik və ADSL paketləri mövcuddur. Yeni tariflərin tətbiqi ilə həmin paketlərdə də dəyişikliklər edilə bilər.