Çin avtomobilləri Avropada satışlarını artırır
Dataforce şirkətinin məlumatlarına görə, sentyabr ayında Çin markalı avtomobillərin qeydiyyatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə artaraq bazarın 12,7%-ni təşkil edib.

Çin avtomobil istehsalçıları Avropa bazarında ilk dəfə olaraq bir rüb ərzində yapon rəqiblərini geridə qoyublar. Dataforce şirkətinin məlumatlarına görə, sentyabr ayında Çin markalı avtomobillərin qeydiyyatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə artaraq bazarın 12,7%-ni təşkil edib. Bu göstərici Toyota Motor da daxil olmaqla, yapon istehsalçılarının 11,9%-lik payını üstələyib. Artımda hibrid avtomobillər mühüm rol oynayıb.
Cəmi 5 il əvvəl Çin markalarının Avropa bazarındakı payı 1% idi. Hazırda isə Çin şirkətləri münasib qiymətləri və yeni modelləri ilə rəqabəti gücləndirirlər. Xüsusilə Böyük Britaniyada Çin avtomobillərinə maraq artır. Chery şirkətinin Jaecoo 7 SUV modeli mart və sentyabr aylarında ölkədə ən çox satılan avtomobil olub.
Çində Volkswagen və BMW kimi xarici markalara tələbatın azalması da yerli istehsalçıları yeni bazarlara yönəldir. BYD və digər Çin şirkətləri Avropada mövqelərini genişləndirməyə çalışırlar.
Avropa İttifaqı bu rəqabəti məhdudlaşdırmaq üçün Çin istehsalı olan elektrik avtomobillərinə əlavə gömrük rüsumları tətbiq edib və hibrid avtomobillərin idxalına da məhdudiyyətlər gətirməyi nəzərdən keçirir. Həmçinin, Avropada istehsal olunan avtomobillərə dövlət dəstəyi və vergi güzəştləri verilməsi təklif olunur.
Bu tədbirlər Türkiyə, Böyük Britaniya və Mərakeş kimi ölkələrin avtomobil ixracına təsir göstərə bilər. Çin şirkətləri isə Avropada istehsalı genişləndirirlər: BYD Macarıstanda zavod tikir, Chery Barselonada istehsala hazırlaşır, Leapmotor isə İspaniyada avtomobil istehsalına başlayıb.