Capitalist.az
Dünya

Karni: ABŞ ilə danışıqlar alınmasa, Kanada Çin avtomobil istehsalçılarına üz tuta bilər

· 3 dəq ·

Kanadanın Baş naziri Mark Karni deyib ki, Vaşinqtonla ticarət danışıqları Şimali Amerikanın inteqrasiya olunmuş avtomobil sənayesini qoruya bilməsə, ölkəsi Çin avtomobil istehsalçıları ilə əməkdaşlığa yönələ bilər.

Karni: ABŞ ilə danışıqlar alınmasa, Kanada Çin avtomobil istehsalçılarına üz tuta bilər

Kanadanın Baş naziri Mark Karni deyib ki, Vaşinqtonla ticarət danışıqları Şimali Amerikanın inteqrasiya olunmuş avtomobil sənayesini qoruya bilməsə, ölkəsi Çin avtomobil istehsalçıları ilə əməkdaşlığa yönələ bilər.

Karni bu açıqlamanı bazar ertəsi Kambocada jurnalistlərlə görüşündə verib. Bu həftə o, Çinin Şençjen şəhərində Çin lideri Si Szinpinlə görüşəcək. Gözlənilir ki, görüşdə avtomobil istehsalı da müzakirə olunacaq. İki lider yanvarda razılığa gəlib ki, on minlərlə Çin elektromobili Kanadaya güzəştli tariflə girə bilsin.

“Dünyanın ən yaxşı avtomobil işçiləri bizdədir. Biz istəyirik ki, onlar inteqrasiya olunmuş Şimali Amerika bazarında tam gücü ilə işləsinlər. Amma ABŞ-ın ticarət tədbirləri bu bazarın inteqrasiyasını zəiflədib”, – deyə Karni bildirib.

Prioritet hələ də ABŞ-dır

Baş nazir şənbə günü Manilada da deyib ki, Vaşinqtonla bağlanacaq istənilən ticarət sazişi Kanadanın avtomobil sənayesini həyat qabiliyyətli saxlamalıdır. Bazar ertəsi isə əlavə edib ki, ABŞ ilə danışıqlar onun üçün prioritet olaraq qalır. Lakin Kanadanın Avropa, Çin və ya Yaponiya avtomobil istehsalçıları ilə alternativ yollar axtarıb-axtarmayacağı bu danışıqların nəticəsindən asılı olacaq.

Ondan soruşublar ki, mümkün Çin investisiyaları ABŞ-la danışıqlarda təzyiq vasitəsidirmi. Karni belə cavab verib: “Bu, təzyiq vasitəsi deyil. Sadəcə hər hərəkətin bir reaksiyası olur.”

“Əgər avtomobil işçilərimizdən və istehsal güclərimizdən Şimali Amerika çərçivəsində tam istifadə olunmasa, bu, başqa imkanlar yaradır. Kanada hər iki istiqamətdə irəliləyəcək”, – deyə o vurğulayıb.

Şərt: yığım yox, real istehsal

Karninin sözlərinə görə, Çin investisiyası yalnız idxal olunmuş hissələrin Kanadada yığılması ilə kifayətlənməməli, ölkədə real istehsal yaratmalıdır. Bunun üçün lazımi əmək standartları, istehsal müəssisələri və zamanla genişlənən yerli təchizat zəncirləri olmalıdır. Bura elektromobillərdə istifadə olunan Kanada kritik mineralları da daxildir.

“Söhbət təkcə avtomobil dəstlərinin yığılmasından getmir. Burada istehsal komponenti də olmalıdır”, – deyə Baş nazir bildirib.

Yanvar sazişi və tənqidlər

Yanvarda imzalanan razılaşma ilə Kanada Çin elektromobillərinə tətbiq etdiyi 100 faizlik tarifi 6,1 faizə endirib. Əvvəlcə ildə 49 min avtomobilin idxalına icazə verilib və bu kvotanın zamanla artırılması nəzərdə tutulur. Bunun müqabilində Çin kanola da daxil olmaqla bir sıra Kanada kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi tarifləri azaltmağa razılaşıb. Karni o vaxt bildirmişdi ki, bu saziş Kanadanın avtomobil sənayesinə Çin investisiyası cəlb edəcək və yeni iş yerləri açacaq.

Saziş ölkənin avtomobil sənayesinin mərkəzi olan Ontario əyalətinin Baş naziri Daq Fordun tənqidinə səbəb olub. Ford xəbərdarlıq edib ki, Çin elektromobillərinin bazara girişi Kanadada iş yerlərini təhdid edə və ABŞ bazarına çıxışı riskə ata bilər.

Tarif təzyiqi altında sənaye

Detroytun “Böyük Üçlüyü” (Ford, General Motors və Stellantis) Kanada, ABŞ və Meksikada zavodlar işlədir. Bir avtomobil hazır olana qədər onun hissələri bəzən sərhədləri dəfələrlə keçir. Prezident Donald Tramp dəfələrlə avtomobil istehsalçılarını istehsalı Kanadadan ABŞ-a köçürməyə çağırıb.

Trampın tarifləri sərhədyanı istehsaldan çox asılı olan Kanada avtomobil sənayesini ciddi sarsıdıb. Bu yaxınlarda Kanada hökuməti Stellantis şirkətini məhkəməyə verməklə hədələyib. Səbəb şirkətin Jeep Compass modelinin istehsalını Ontario əyalətinin Brampton şəhərindən ABŞ-ın İllinoys ştatına köçürməsi və fəaliyyətsiz qalan Kanada yığım zavodunu satmağa razılaşmasıdır.

Karni şənbə günü bildirib ki, Tramp və ABŞ-ın yüksək vəzifəli rəsmiləri ilə ətraflı söhbət edib. Onun sözlərinə görə, tərəflər ticarət razılaşması istiqamətində irəliləyiş əldə ediblər, lakin fikir ayrılıqları hələ də qalır.

Oxşar xəbərlər