Viza rejimində dəyişiklik: Litvanın sədrliyi yeni fürsət yarada bilər
Ceyhun Bayramov bildirib ki, Litvanın 2027-ci ilin ilk yarısında Aİ Şurasına sədrliyi viza məsələsinin irəli aparılması üçün əlverişli fürsət yarada bilər.

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə viza rejiminin liberallaşdırılmasını qarşılıqlı faydalı əməkdaşlığın inkişafı baxımından mühüm addım hesab edir. Xarici işlər naziri Ceyhun Bayramov bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.
Ceyhun Bayramov bildirib ki, Litvanın 2027-ci ilin ilk yarısında Aİ Şurasına sədrliyi viza məsələsinin irəli aparılması üçün əlverişli fürsət yarada bilər. Onun sözlərinə görə, görüş zamanı bu mövzu müzakirə olunub və Litva tərəfi prosesə dəstəyini ifadə edib.
Nazir qeyd edib ki, Azərbaycan vətəndaşları turizm, təhsil və biznes məqsədilə Avropa ölkələrinə səfər edirlər. Viza rejiminin sadələşdirilməsi bu səfərləri asanlaşdıraraq vətəndaşlar üçün əlavə imkanlar yaradacaq.
Bayramov Azərbaycanın da viza məhdudiyyətlərinin tamamilə aradan qaldırılmasına hazır olduğunu vurğulayıb. O bildirib ki, hazırda bir sıra Avropa ölkələrinin vətəndaşları “ASAN Viza” sistemi vasitəsilə Azərbaycana elektron qaydada rahat şəkildə viza əldə edə bilirlər.