Capitalist.az
Maliyyə

Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir.

· 2 dəq ·

Sentyabrın 25-də Bakıda Prezident İlham Əliyevin himayəsi ilə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir.

Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir.

Sentyabrın 25-də Bakıda Prezident İlham Əliyevin himayəsi ilə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir.

Forum İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən təşkil olunub. Tədbirin əsas mövzusu **“Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi”**dir.

Forumda dünyanın müxtəlif ölkələrindən investorlar, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələri, eləcə də biznes liderləri iştirak edir.

Tədbir çərçivəsində Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznes, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi mövzular müzakirə olunur.

Forumda Azərbaycanın enerji tərəfdaşı və mühüm tranzit qovşağı kimi mövqeyinin gücləndirilməsi, həmçinin sənaye istehsalı, investisiya imkanları və regional dəyər zəncirlərinin inkişafı məsələlərinə xüsusi diqqət yetirilir.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və xarici investorlarla əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli platforma hesab olunur.

Forum çərçivəsində sənaye, maliyyə, tikinti, süni intellekt, bərpaolunan enerji, aqrar sektor, su resursları və idman sahələrini əhatə edən bir sıra sənədlərin imzalanması gözlənilir.

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, təchizat zəncirlərinin yenidən qurulması, yeni nəqliyyat və enerji marşrutlarının yaranması, eləcə də texnologiya və süni intellektin iqtisadiyyatda rolunun artması investisiya mühitinə də təsir göstərir.

Bu baxımdan Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji coğrafi mövqeyi ölkənin regional və qlobal bağlantılardakı əhəmiyyətini artırır.

Forum Avropanın aparıcı beyin mərkəzlərindən biri olan **“The European House – Ambrosetti & TEHA Group”**un tərəfdaşlığı ilə təşkil edilib. Qurum iqtisadi siyasət, investisiya və rəqabətqabiliyyətlilik sahələrində analitik araşdırmaları ilə tanınır.

Oxşar xəbərlər