Elektrikli avtomobillər uzunmüddətli istifadədə daha etibarlıdır!
Tədqiqat elektrikli avtomobillərin daha sadə mühərrik quruluşunun onların uzunmüddətli etibarlılığına müsbət təsir etdiyini göstərir.

Böyük Britaniyada milyonlarla nəqliyyat vasitəsinin texniki yoxlama məlumatları əsasında aparılan genişmiqyaslı araşdırma elektrikli avtomobillərin yüksək yürüşdə benzinli modellərdən daha etibarlı olduğunu göstərib. Araşdırmaya görə, avtomobillərin ilk istifadə illərində elektrikli və benzinli modellərin nasazlıq göstəriciləri arasında ciddi fərq müşahidə olunmur. Lakin yürüş təxminən 65 min kilometrə çatdıqdan sonra vəziyyət dəyişməyə başlayır. Avtomobil 190 min kilometr yürüş etdikdə benzinli modellərin nasazlıq və texniki yoxlamadan keçməmə ehtimalı elektrikli avtomobillərlə müqayisədə 47% daha yüksək olur. Bu mərhələdə nasazlıq göstəricisi benzinli avtomobillərdə 23,5%, elektrikli modellərdə isə 16% təşkil edir.
Tədqiqat elektrikli avtomobillərin daha sadə mühərrik quruluşunun onların uzunmüddətli etibarlılığına müsbət təsir etdiyini göstərir. Regenerativ əyləcləmə sistemi də əyləc hissələrinin daha az aşınmasına kömək edir. Bununla belə, elektrikli avtomobillərin daha ağır olması təkərlərin daha sürətli aşınmasına səbəb ola bilər.
Araşdırma batareyaların vəziyyətini birbaşa ölçməsə də, digər məlumatlar elektrikli avtomobil batareyalarının 150 min kilometrdən sonra orta hesabla 90% tutum saxlaya bildiyini göstərir.